Vaxt.Az

AKP-ni necə dinləyiblər?


 

XİN rəhbərinin iş otağı yoxlanılıb

AKP-ni necə dinləyiblər? Türkiyənin Xarici İşlər Nazirliyində baş tutan Suriyaya dair danışıqların dinlənilməsi və internetə sızdırılması ilə bağlı olaraq nazir Əhməd Davudoğlunun iş otağı təpədən dırnağa dinləmə cihazı yoxlamasından keçirilib.

İstintaq çərçivəsində Milli Kəşfiyyat Təşkilatı və polisin kiber cinayətlər üzrə mübarizə mütəxəssisləri də dövrəyə girib. Mütəxəssislər əvvəlcə dinləmənin hansı texnika ilə aparıldığını müəyyən etməyə çalışırlar.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, həm MKT-nin, həm də kiber cinayətlər üzrə mübarizə təşkilatının işçiləri əməliyyatı Ankara prokurorluğunun nəzarətində icra edirlər.

Prioritet olaraq xarici işlər naziri Əhməd Davudoğlunun iş otağı böcək yoxlamasından keçirilib. Nazirliyin bütün strateji vahidləri də axtarılır.

Davudoğlunun kabineti yerləşən mərtəbədəki bütün personal və mühafizə işçiləri də təhqiqata cəlb edilib. O mərtəbəyə girməyə səlahiyyətli şəxslərin də ifadəsi alınacaq.

Nazirliyin təhlükəsizlik kamera sisteminə aid qeydlər geriyə doğru yoxlanır.

Bundan başqa, səsin lazerlə dinlənib-dinlənilmədiyini yoxlamaq üçün ətrafdakı binalar da yoxlanılacaq.

 





28.03.2014    çap et  çap et