Vaxt.Az

Masada “nə etməli?” sualı durur


 

Qərb və Rusiyanın “Sülh reseptləri” təklifləri Paşinyan üçün manevr, Bakı üçün vaxt itkisidir

Masada “nə etməli?” sualı durur Azərbaycanın Avropanın enerji təhlükəsizliyi şəbəkəsində yer alması ciddi maneələrlə üzləşir. “Güllələnmiş ermənilər” video avantürasının Avropa İttifaqının oktyabrın 6-da keçiriləcək sammiti ərəfəsində dövrəyə atılması təsadüfi deyil.

Məlum olduğu kimi Prezident İlham Əliyev Avropa İttifaqının Praqa sammitinə dəvət olunub.

Avropa dövlətlərinin liderləri Praqa sammitində enerji daşıyıcılarının yüksək qiymətləri ilə bağlı siyasi razılaşmanın əldə olunacağına ümid edirlər.

Serbiya prezidentinin Bolqarıstanda enerji mübadiləsi şəbəkəsinin açılışında dediyi “İlham Əliyev Avropada çox populyardır” sözləri sadəcə xoşa gəlmək üçün reverans hesab oluna bilməz.

Avropa İttifaqı perspektivdə Rusiyasız illərə hazırlaşır. Asiyadan Avropaya gedəcək alternativ logistika marşrutlarının ən mühümü Azərbaycandan keçir. Üstəlik “Gəncə qapısı”...

Azərbaycanın alternativ enerji yoluna çevrilməsi Cənubi Qafqazda geopolitik savaşı qaçılmaz edib.

Bir neçə gün əvvəl Rusiya-Azərbaycan-Ermənistan işçi qrupunun rusiyalı həmsədri, Baş nazirin müavini Overçuk öz müsahibəsində “Ermənistanın sərhədləri Avrasiya İttifaqının sərhədidir” deyib.

Dünən isə Cenevrədə Brüssel görüşünün razılaşmasına əsasən Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşüb.

“Güllələnmə videosu”nun avantürası altında keçirilən görüşlə bağlı hər iki tərəfin açıqlamasını oxuyarkən məlum olur ki, “videoavantura” ilk təsirini göstərib. İrəvan danışıqları uzatmağa çalışır, Bakı isə tələsir. Ceyhun Bayramov delimitasiya danışıqlarını noyabrdan oktyabra keçirilməsini təklif edib.

Belə hiss olunur ki, Cənubi Qafqazda nüfuz savaşı getdikcə kəskinləşir. Bu isə Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh sazişi üçün problemlər yaradır. Qərbdən və Rusiyadan təklif olunan “Sülh reseptləri” təklifləri Paşinyan üçün manevr imkanları versə də Bakı üçün vaxt itkisidir.

Masada “nə etməli?” sualı durur.

Bakının şərtləri isə ortadadır.

 





03.10.2022    çap et  çap et