Belarus və Ermənistan Rusiyanın müttəfiqləri olsalar da, Rusiyanın ilhaqını dəstəkləməyiblər. Belə olan halda Kremlin ümidi ötən dəfə olduğu kimi Nikaraqua və bir neçə cırtdan – ada dövlətinədir. Kreml Krımı ilhaq edəndə məhz bir neçə ada dövləti işğalı qəbul etmişdi.
Vladimir Putin Ukrayna torpaqlarının Rusiyaya birləşdirdiyini elan etdiyi günün sabahı isə Çin lideri Si Tsinpinə təbrik məktubu yazıb. 1 oktyabr Çində Respublika günü kimi qeyd edilir. Putin məktubunda Si Tsinpini əziz dostu adlandırıb. Kreml sahibi Çinin beynəlxalq arenada artan nüfuzuna işarə edərək iqtisadi və sosial sahədə uğurlarını vurğulayıb: “Rusiya-Çin əlaqələri və strateji tərəfdaşlığı dinamik inkişaf edir”.
Si Tsinpin də Putinə yazdığı məktublarda həmkarını “əziz dost” deyə xitab edir. Buna baxmayaraq, Si Tsinpin Ukrayna ərazilərinin ilhaqını tanımayacaq. Ancaq o eyni zamanda bu ilhaqa görə Kremli tənqid də etməyəcək. Putin də anlayır ki, Pekin Ukraynanın 4 bölgəsinin Rusiyaya birləşdirilməsini tanımayacaq. Putin üçün önəmlidir ki, ilhaqa rəğmən, Pekin Kremllə tərəfdaşlıqdan imtina etməsin.
Rusiyanın Ukrayna torpaqlarını ilhaqı Mərkəzi Asiya ölkələrinin də maraqlarının əleyhinədir. Rusiyanın Mərkəzi Asiyadakı əsas tərəfdaşı Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanımaqda davam edəcək. Vladimir Putinin bir gözü də Qazaxıstandadır. Kreml sahibi və onun tərəfdarları Qazaxıstanın şimalını qarışdırmaq üçün münbit zaman gözləyirlər. Ukraynada olduğu kimi Qazaxıstanın şimal şəhərlərində də ruspərəst qüvvələr yetişdirilir. Astana Rusiya təhlükəsindən özünü qorumaq üçün alternativ yollar axtarır.