Vaxt.Az

Verstappenin “Honda” xatirəsi


 

“Formula-1” pilotu atasının sınaqdan çıxardığı sükanın arxasına keçib

Verstappenin “Honda” xatirəsi 1998-ci ildə “Honda” şirkəti “Formula-1”ə tam yeni komanda kimi qoşulmaq qərarı qəbul etmişdi. O zaman “Tyrrell” komandasının “BAR” şirkətinə satılmasından sonra işsiz qalmış əfsanəvi konstruktor Harvi Postletveyt “DALLARA” şirkəti ilə birlikdə yeni maşın üzərində işə başlayır.

1999-cu ildə Harvinin hazırladığı “Honda” RA099 şassisi “Xeres” testlərində hamını təəccübləndirir - yeni maşını İspaniyada sınamaq Yos Verstappenə həvalə olunmuşdu. Yos isə “Xeres”ə yaşyarımlıq oğlu Maksla birlikdə gəlmişdi.

Hazırda Harvi Postletveytin hazırladığı 4 şassidən biri qalıb – məhz 1999-cu ilin martında Yosun sürdüyü maşın Yaponiyanın Moteqi şəhərində “Honda”nın muzeyində saxlanılır. Bu gün Maks həmin muzeydə olub və 23 ildən sonra həmin maşının sükanı arxasına oturub.

P.S. Aprel ayında Harvi ürəktutmasından 55 yaşında dünyasını dəyişdi, bundan sonra “Honda” mövcud olan komandalardan birinə motor vermək barədə danışıqlara başladı. Davamı isə artıq başqa hekayədir...

 





05.10.2022    çap et  çap et