Ermənistan özünü BMT və 1991 Alma-Ata sazişləri ilə sığortalayaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. 2 aylığına Ermənistanın Azərbaycanla sərhədinə Avropa Şurasının “mülki” missiyası göndərilir (qışa qədər münaqişə olmayacaq sığortası üçün). Azərbaycan istəsə həmin missiya ilə əməkdaşlıq edər, istəməsə yox.
Bu nə deməkdir?
1. Azərbaycan irəli ciddi addım atır. Ərazi bütövlüyü məsələsini Qarabağ ermənilərinə bağlamadan həll edir. Münaqişə hələ də iki ölkə arasında olduğu üçün (“Sarsaq” bura qatılmır) bu, Ermənistanın Azərbaycana torpaq iddialarından çəkildiyi anlamına gəlir. Ordunu Xankəndidən çıxarmaq, maliyyəni, zamanla işığı, qazı, interneti və s. kəsmək və Azərbaycana inteqrasiya etmək üçün zəmin yaradılır.
2. Zəngəzur dəhlizindən imtina etdik mi? Xeyir. Görüşün ardınca “Twitter”də yazığından görünür ki, Paşinyan yenə eksterritoriallığa razı deyil. Amma bu anlaşma 10 noyabr bəyannaməsini də rədd etmir. Dəhliz açılmayacaqsa, yaxında Laçın da bağlanacaq (nəzarət buraxılışı məntəqəsi qoymaq elə bağlamaq anlamına gələcək). Ermənistan bu dəfə AŞ missiyasını dəvətilə əsas müttəfiqi Rusiyanı da özünə bir daha düşmən etməklə tam blokadaya düşəcək. Dəhliz olmayınca Türkiyə də aranı açmayacaq.
Avropanı bu məsələnin çözümündə Rusiyaya şərik çıxarmaqla Azərbaycan Moskvaya qarşı getmir. Sadəcə Zəngəzura görə indi Ermənistana imici biabırçı olan Rusiya deyil, Türkiyə və Avropa da təzyiq edəcək. Çünki İrəvanın artıq geriyə yolu qalmır. Deyiləni edib koridoru açmalıdır ki, blokadadan çıxsın.
Axşamkı yarım addım oldu, amma erməni xalqı irisinə də hazır deyil. Təfəkkür iylənib. Ona görə yeni gerçəkliyə yavaş-yavaş alışdırılır.
3. Fikrimcə delimitasiya 20-ci illərin xəritəsi məsələsi də, təzminat məsələsi də növbəti aşamada yenə ortaya çıxacaq.
Ermənistanın ilgəyi dünən bir az da daraldı. Əliyev ona görə bu görüşün Fransanın və Avropanın (Ermənistanın açıq dostlarının) iştirakı ilə baş tutmasına razı oldu. Çünki əlimiz güclü idi.