Musavat.com Türkiyə mediasına istinadən yazır ki, Mustafa Özcan baş nazir Rəcəb Tayyib Ərdoğana və digər AKP-lilərə qarşı səs yazılarını mediaya ötürən əsas isimlərdəndir. Ehtimallara görə, «Kaynak Holdinq»in kompyuterlərində bu haqda informasiyalar var. Onu da vurğulayaq ki, baş nazir Ərdoğan və onun ailə üzvlərinə aid səs yazıları yayılandan sonra Gülən camaatına bağlı bir çox ofislərə polis basqınları olub yüzlərlə kompyuterlər, saysız-hesabsız sənədlər müsadirə edilib.
Mustafa Özcan uzun illərdir Fətullah Gülənin ən etibarlı adamları sırasındadır. O, Pensilvaniyada yaşayan Gülən üçün ildə bir neçə dəfə camaat üzvlərinin Türkiyədəki daşınar və daşınmaz əmlakı ilə bağlı hesabatlar hazırlayırmış. «Camaat»ın həm kassası, həm də «qara qutu»su olan Mustafa Özcanın bir daha Türkiyəyə dönməyəcəyi ehtimal edilir. Maraqlı məqam həm də odur ki, ABŞ-ın ölkəyə gediş-gəliş haqqında qanunlarını pozduğuna görə Özcan Birləşmiş Ştatlara – Fətullah Gülənin yanına gedə bilmir.
Özcanın holdinqinin ofisində axtarış aparılmazdan bir neçə gün öncə Türkiyəni gizlicə tərk etməsi AKP-nin bütün səylərinə baxmayaraq «camaat»ın hələ də ölkənin hüquq sisteminə asanlıqla nəzarət etməsi kimi qiymətləndirilir. Bir sıra ekspertlər iddia edir ki, Mustafa Özcana polisin qəfil axtarışı haqqında xəbər verilib.