Vaxt.Az

Əksər halda ailənin təzyiqi ilə olur


 

“Erkən nikahlar sağlam gələcəyə ciddi əngəldir”

Əksər halda ailənin təzyiqi ilə olur “Erkən nikahlar sağlam gələcəyə ciddi əngəldir”. Bunu türkiyəli tanınmış psixoterapevt Ayşəgül Kəskin bildirib. O qeyd edib ki, erkən nikahların qarşısının alınması üçün mübarizə üsullarından biri də, heç şübhəsiz ki, maarifləndirmədir.

“Erkən nikahların yayıldığı bölgələr araşdırılmalı və bu bölgədə maksimum maarifləndirmə işləri aparılmalıdır”, – deyə A.Kəskin bildirib.

Psixoterapevt onu da qeyd edib ki, erkən nikahları araşdırarkən bunun vəziyyətə görə dəyişdiyini görmək olar.

“Bəzi hallarda erkən nikahlar adət halında ola bilər, çox nadir hallarda bu insanların öz seçimi, bəzən isə ailənin təzyiqi ilə ola bilər”, – deyə o bildirib.

Türkiyədə erkən nikahların səbəblərindən birinin də, valideynlərin erkən evləndiyinin olmasını qeyd edən A.Kəskin hesab edir ki, bu halda valideynlər özləri övladlarını erkən nikahlara təşviq edirlər və bu bir çox hallarda adət halını alıb.

“Ailələrin təhsil səviyyəsi də bu amilə təsir edir. Belə ki, ailədə təhsil səviyyəsi aşağıdırsa, uşaqların gələcəklə bağlı sağlam planları və hədəfləri yoxdursa, bu halda uşaqları erkən nikahlara sövq edilirlər. Təhsil, elm və inkişaf kimi vacib hədəfləri olmayan uşaqlar, heç şübhəsiz, erkən nikahlara meylli olurlar”, – deyə A.Kəskin qeyd edib.

A.Kəskin onu da əlavə edib ki , hər nə qədər nadir rast gəlinsə də, bəzən erkən nikahlara səbəb kimi ailə daxili şiddətdən qaçmaq düşüncəsinin olduğunu da görmək olar.

“Bəzən ailə daxili şiddətdən qaçmaq və öz gələcəyini özü qurmaq üçün erkən nikahlara da rast gəlirik. Bu hallara öz psixoterapevt təcrübəmdə rast gəlmişəm. Ailə daxili problemləri olan gənclər bu yolla azad olaraq, öz gələcəklərini özləri quracağını düşünürlər”, – deyə o, bildirib.

Onun sözlərinə görə, həm Türkiyədə, həm də Azərbaycanda erkən nikahları araşdırarkən bunun əsasən təlim və təhsilə önəm verməyən ailələrdə daha çox rast gəlindiyinin şahidi oluruq.

“Bu tip ailələrdə erkən nikahlar normal sayılır. Məsələn Türkiyənin bəzi bölgələrində, gənclərin oxumaq istəməsinə baxmayaraq, evliliyin daha prioritet sayılması, təəssüf olsun ki, normal qarşılanır. Azərbaycanda da bu problem təhsilə önəm verməyən ailələrin arasında müşahidə olunur”, - deyə A. Kəskin bildirib.

O hesab edir ki, bu problemin qarşısının alınması üçün atılan addımlardan biri də maarifləndirmədir.

“Nə olursa olsun gənclərin təhsil və təliminə xüsusi diqqət ayrılmalı və onlar təhsilə təşviq edilməlidirlər. Övladlarını oxutmayan ailələrə də bu istiqamətdə diqqət yetirilməlidir və gənclərə anlatılmalıdır ki, heç bir halda evlilik bu və ya digər problemlərdən qurtuluş yolu deyil”, – deyə A.Kəskin bildirib. (Trend.az)

 





10.10.2022    çap et  çap et