Vaxt.Az

Təmaslar niyə vacibdir?


 

Siyasi səviyyə müzakirə mövzusu ola bilməz

Təmaslar niyə vacibdir? Blinken Əliyevə zəngində Qarabağdakı etnik erməni sakinlərin hüquq və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib.

Bu, Bakının Xankəndindəki ermənilərlə qeyri-formal əlaqələrin davam etdirilməsi mövqeyinin dəstəklənməsidir, hərçənd, “ermənilərlə qeyri-formal əlaqələr”ə müəyyən aydınlıq gətirməyə ehtiyac var, xüsusilə Nikol Paşinyanın “Bakı və Xankəndi arasında əlaqələr qurulmalıdır” açıqlaması fonunda.

Əliyevin dediyi “qeyri-formal əlaqələr”lə Paşinyanın dediyi “Bakı-Xankəndi formatı” arasında fərq nədir?

Birincisi, hər iki tərəfin bir-birinə “yaxın görünə biləcək” mövqeyi siyasi xarakter daşıyır: İrəvana masadan çıxarılan Qarabağ məsələsində “mübarizə apardığını” əsaslandıracaq və daxili auditoriyanın ağzına atacaq “yem” lazımdır; Bakıya Qarabağ məsələsinin daxili işi olduğu faktının bütün beynəlxalq oyunçular tərəfindən qəbul edilməsi, sülh müqaviləsində bu məsələnin ümumiyyətlə gündəmə gəlməməsi lazımdır;

İkincisi, söhbət “qeyri-formal” əlaqələrdən gedir, yəni müzakirə mövzusu siyasi yox, ictimai-humanitar məsələlərdir və bunu siyasətçilər yox, ölkənin daxili sabitliyini təmin edən güc strukturları – Daxili İşlər Nazirliyi, yaxud Dövlət Təhlükəsizlik Xidməti apara bilər. Prezidentin açıqlaması da təsdiq edir ki, indiyə qədər “qeyri-formal əlaqələr” müəyyən qədər qurulub, bunun fonunda erməni mənbələrin təmasların Azərbaycanın güc strukturları tərəfindən həyata keçirildiyinə dair məlumatları yada düşür.

Bunun əksi – təmasların siyasi səviyyədə qurulması müzakirə mövzusu ola bilməz.

Bu təmaslar niyə vacibdir?

Xankəndidə bayrağımızın dalğalanmasının iki yolu var:

a) Hərbi əməliyyatla bölgəni təmizləmək;

– Rusiya sülhməramlılarının bölgədə olması bu imkanı azaldır;

– Bunun baş verməsi Azərbaycana qarşı “soyqırım” ittihamlarını və bu ittihamların rəsmiləşməsi risklərini aktuallaşdırır;

– Antiterror əməliyyatı ilə separatçıları və qalıqları təmizlənsə belə, erməni əhalini vətəndaşlığı qəbul etməyə sövq etmək güc yolu ilə çətin görünür;

– Belə bir addım Ermənistanın “Qarabağ münaqişəsi”nin başlanması səbəbi kimi göstərdikləri “etnik münaqişə” ssenarisinin yenidən təkrarlanmasına gətirib çıxara bilər;

– Və nəhayət, istədiyimiz “birgəyaşayış planı” baş tutmaya, bölgədə maraqlı tərəflərin əlinə “əsas” verə bilər: bu, həm də rus qüvvələrin bölgədə daha uzunmüddətli qalması perspektivini gücləndirər;

b) Erməni əhali ilə təmaslar qurmaq, birgəyayışın bünövrəsini formalaşdırmaq; Azərbaycanın hədəfi budur və Qarabağda erməni əhalisinin ən azı müəyyən hissəsinin vətəndaşlığımızı qəbul etməsi, yaxud buna isti münasibəti vəziyyəti dəyişdirə bilər; bu, Azərbaycana imkan verə bilər ki, zərurət yaranarsa, öz vətəndaşlarının müdafiəsi məqsədilə separatçı-terrorçulara qarşı əməliyyatlar da həyata keçirsin;

Çətin və ağrılı prosesdir, lakin öncə erməni əhalisi ilə separatçı-terrorçuları bir-birindən ayırmağa nail olmalıyıq.

 





11.10.2022    çap et  çap et