“Gas İnfrastructure Europe”un məlumatlarına görə, yeraltı qaz anbarlarında (UGS) ehtiyatların səviyyəsi artıq 91 faizi ötür. Əvvəllər Avropa İttifaqı ölkələri 2022-2023-cü illərin qışına qədər UGS obyektlərini ən azı 80 faiz və sonrakı bütün qış dövrlərində isə 90 faiz doldurmağı öhdəsinə götürmüşdülər.
Anbarların doldurulması daha çox mayeləşdirilmiş təbii qazın (LNG) alınması və mövcud yüksək qiymətlərlə alternativ boru kəmərləri vasitəsilə qaz tədarük edilməsi ilə bağlıdır. Oktyabrın əvvəlindən qazın orta qiyməti min kubmetr üçün təxminən 1705 dollar təşkil edib. Qaz ehtiyatlarının maksimuma yaxınlaşmasına, Avropada nisbətən isti hava şəraitinin yaranması və elektrik enerjisi istehsalında külək istehsalının əhəmiyyətli dərəcədə artması ilə əlaqədar olaraq qaz istehlakının azalması da müsbət təsir göstərib.