Vaxt.Az

Türk dövlətlərinin NATO-su


 

Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil

Türk dövlətlərinin NATO-su Kremlin cəbhədə məğlubiyyətini anlamaq üçün sadəcə səfərbərlik, şəhərləri vurması, Belarusu işə salmasına baxmaq lazım deyil. Rusiyanın ətrafına baxın. Məsələn, Moskvanın bu günə qədər Mərkəzi Asiyadakı təsiri ilə bağlı yəqin ki, hansısa xatırlatma etməyə ehtiyac yoxdur. Lakin, bu gün Mərkəzi Asiya müstəqil qərarlar verməyə başlayıb və Rusiyadan uzaqlaşmaq xətti tutublar. Məşhur analitiklər hər zaman Mərkəzi Asiya ilə bağlı danışarkən “Gün gələcək ki, Mərkəzi Asiya proseslərin düz mərkəzində olacaq” deyirdilər.

O gün gəldi. Mərkəzi Asiyanın tərəfi, istiqaməti bəllidir. Türkiyə və Türk Dövlətləri Birliyi! Bu istiqamətdə Azərbaycan heç də Türkiyədən az iş görmür. Bişkeklə Azərbaycan qardaşlaşdı. Bundan əlavə Özbəkistan ilə, Qazaxıstan ilə, Qırğızıstan ilə bağlanan hərbi əməkdaşlıqla bağlı sənədlər sadə məsələlər deyil. Perspektivdə Türk Dövlətləri Birliyinin hərbi təşkilat quracağı halda zəmin hazırlanır. Bu çox vacib və həyatı əhəmiyyət daşıyır. Ona görə ki, TDB sadəcə humanitar təşkilat ola bilməz və bunun hər hansı ciddi nəticəsi olmaz. Xatırlayırsınızsa, Sergey Lavrovun bununla bağlı ilk günlərdə belə bir açıqlaması var idi ki, “Belə birlik yaransın. Bu bizim üçün təhlükəli deyil. Lakin, hərbi təşkilata çevrilərsə o zaman təhlükəlidir”. Təxminən bu istiqamətdə açıqlamalar onu göstərirdi ki, belə bir hərbi birlik özümüzdən başqa kimsənin maraqlarına cavab vermir.

Əsas sual budur: “Mərkəzi Asiya ölkələri ilə belə bir təşkilat qura biləcəyikmi?”

Orta Asiya ölkələrində sadəcə Rusiyanın təsiri yoxdur, eyni zamanda Qərbin, Çinin çox ciddi investisiyaları var və bu istənilən zaman həmin ölkələr üçün həm də təhlükəlidir. Çünki, həmin investisiyalar yatırılarkən sadəcə iqtisadi deyil, həm də siyasi-hərbi, strateji dividentlər hesablanıb. Artıq reallıq, ümumi mənzərə bir qədər fərqlidir. Belə ki, bu birlik həm də buna zidd duran ölkələrin diqqətini çəkir. Daha dəqiq desək Rusiya da perspektivdə bu birlikdə təmsil olunmaq istəyə bilər. Bu isə o deməkdir ki, yeni bir güc, regional deyil, qlobal güc olan Türkiyə meydana çıxır. Bir qədər mövzudan kənar olsa da qeyd etməliyəm ki, sadəcə bu bölgələrdə deyil, eyni zamanda Zəngəzur dəhlizi açıldıqdan sonra Ermənistan da Türkiyənin bilavasitə təsir dairəsinə düşəcək. Bu mənada düşünürəm ki, bu məqamda TDB ölkələri arasında bu istiqamətdə daha dərin, daha ciddi işlər görməliyik. Bəlkə də bəziləri bu birliyi bir qədər ciddi baxmır. Sadəcə bir misal göstərim ki, Macarıstan da  bu birlikdə müşahidəçi statusu daşıyır. Bu birlik təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil. Ona görə də çox işləmək lazımdır. Hər şeydən öncə isə iqtisadi münasibətlər daha da dərinləşməlidir. Nəyə görə bu bölgədə də bir Aİ modeli olmasın ki?

 





12.10.2022    çap et  çap et