2020-ci ildə Çinin Lişui şəhər prokurorluğu tərəfindən hazırlanmış video. İspaniyada yerli Çin assosiasiyaları ətraf mühitin çirklənməsinə görə axtarışda olan bir şübhəlinin izinə düşüb.
O, Madriddə “xarici polis xidmət mərkəz”ində uzaqdan Çin polisi tərəfindən dindirilir. Onların yanında şübhəlinin ailə üzvü oturub.
Prokurorluğun videosunda deyilir ki, şübhəli ittihamlarla üzləşmək üçün ölkəyə geri dönməyə “inandırılır”.
“Safeguard Defenders” insan hüquqları təşkilatının hesabatının həm-müəllifi Laura Hart deyir ki, bu, narahatedici yeni bir taktikadır.
“Bu, fərari adlandırdıqları şəxsi onların sözü ilə desək “könüllü” şəkildə Çinə qayıtmasını təmin etmək üçün onun vətənindəki ailə üzvləri və qohumlarının hədələnməsi, təqib edilməsidir”, – o deyir.
İspaniya insidentlə bağlı təhqiqat apardığını təsdiqləyib.
Çin rəsmiləri 2021-ci ilin aprel ayı ilə 2022-ci ilin iyul ayı arasında əsasən cənub-şərqi Asiyada yaşayan 230 mindən çox çinlini cinayət məsuliyyətinə cəlb olunmaq üçün ölkəyə geri qayıtmağa “razı salmaq”la lovğalanır.
Hesabatda deyilir ki, rəsmi sənədlərə əsasən, Çin 5 qitədə ən azı 54 polis xidməti mərkəzi açıb. Sadalanan mərkəzlərdən üçü Britaniyadadır. Onlardan biri Londonun şimalında bu ünvanda yerləşir. Orada fəaliyyət göstərən bizneslər Çin hökuməti ilə hər hansı əlaqələrinin olduğunu inkar edib. Onlar Amerikanın Səsi ilə danışmağı rədd edib.
Yerli Çin icmasında əksəriyyət xarici polis mərkəzlərindən xəbərdar olmadıqlarını və kamera qarşısında danışmaq istəmədiklərini deyib.
“Çin rejimi getdikcə arsızlaşır, onların institutları getdikcə daha da arsıza dünya boyu bu cür qanunsuz yollara əl atır və bunu da çox yaxşı gizlətmir. Bundan əlavə demokratik hökumətlərin öz ərazilərində ərazilərinin suverenliyinin pozularaq bunun baş verdiyindən xəbərdar və ya hətta narahat olmamaları eyni dərəcədə narahatedicidir”, – Laura Hart deyir.
Böyük Britaniya bildirib ki, “Birləşmiş Krallıq ərazisində fəaliyyət göstərən hər bir xarici ölkə Birləşmiş Krallıq qanunlarına əməl etməlidir”, amma onlar istintaq aparıb-aparmadıqlarını şərh etməyib.
Finn Lau Çin Kommunist Partiyasının əlinin uzun olduğunu yaxşı bilir. O, 2019-da Honq Konqda Pekinə qarşı baş qaldıran etirazların lideri olaraq polis tərəfindən axtarışda idi və sonra Britaniyaya qaçdı.
Daha sonra isə o, 2020-ci ildə Londondakı evinin yaxınlığında üç maskalı şəxs tərəfindən hücuma məruz qalıb. O onların Çin hökumətinə işlədiklərindən əmindir.
“Mən Londonda özümü təhlükəsiz hiss etmirəm, xüsusilə də fiziki və ölümlə nəticələnə biləcək hücumdan sonra. Çünki illərdir çinli və ya honq konqlu dissidentlər fərqli yollarla Çin Kommunist Partiyası tərəfindən ya təqib olunur ya da sıxışdırılır”, – o deyir.
Çinin Londondakı səfirliyi bildirib ki, “Safeguard Defenders” təşkilatının hesabatı “spekulyasiyalar və yalanlarla doludur” və əlavə edib ki, Çin ədliyyə suverenliyinə tam hörmət edir.
Hesabat müəllifləri deyir ki, bu polis xidməti mərkəzləri ən yaxşı halda Çin diasporu və turistlərə gündəlik problemləri ilə yardım edir. Ən pis halda isə onlar mürəkkəb qlobal izləmə və nəzarət şəbəkəsinin bir hissəsi ola və Kommunist Partiyasına Çinin sərhədlərindən kənara da əlinin çatmasına imkan verə bilər.