Hazırda iki ölkə arasında münasibətlər gərgindir və Henri Kissincer narahatdır ki, ABŞ-la Çin Tayvan adasında görə müharibəyə başlaya bilərlər. ABŞ prezidenti Co Bayden noyabrda İndoneziyada “böyük iyirmilərin” toplantısı çərçivəsində Çin lideri Si Tsinpinlə görüşəcək. Kissincer ümid edir ki, bu görüş iki ölkə arasında gərginliyi nisbətən azalda bilər.
Henri Kissincer hesab edir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədən narahatdır və bu müharibəyə görə ABŞ-la münasibətləri daha da gərginləşdirmək istəmir. Vaşinqton isə istəyir ki, Pekin ümumiyyətlə Kremli dəstəkləməsin. Ancaq bunu reallaşdırmaq çətindir. Pekin Moskva ilə strateji tərəfdaşlıqdan imtina etməyəcək. Buna baxmayaraq, Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmasını arzulayır. Çünki Rusiya-Ukrayna müharibəsi yeni “soyuq müharibəyə” şərait yaradır. Pekin “soyuq müharibə” səbəbindən Qərblə iqtisadi əlaqələrinin zəifləməsini və regional layihələrinin təhlükə altına düşməsini istəmir.