Sosial şəbəkələrdə sentyabrın 27-də ABŞ-ın paytaxtı Vaşinqtonda Dövlət Departamentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılmış qapalı danışıqlardan bəhs edən sənəd yayılıb.
Sənəddə Azərbaycanla Ermənistan arasındakı münaqişəli məsələlərin tam, yekun həlli üçün tərəflərin atacağı addımlar sadalanır.
Daha sonra bəlli oldu ki, sosial şəbəkələrdə yayılmış sənəd anlaşmanın ilkin, müzakirə edilən variantı imiş. Yekun versiyada isə rəsmi Bakının təkidləri və israrlarından sonra bir sıra məqamlar, xüsusilə də Qarabağla bağlı ifadələr tam fərqlidir.
İlkin variantda anlaşmanın 3-cü bəndi belədir: “Azərbaycan hökuməti Dağlıq Qarabağ rezidentlərinin hüquq və təhlükəsizliyinin müzakirəsinin keçirilməsi üçün Dağlıq Qarabağdakı erməni icmasının analoji nümayəndəsi ilə iş üçün təmsilçi təyin edəcək. Nümayəndələr müzakirələrin dünya birliyi üçün şəffaflığını təmin edəcəklər. Tərəflər habelə Dağlıq Qarabağdakı azlıq qrupunun müdafiəsi məsələsində etimadı təmin etmək üçün Azərbaycanın suverenliyinə xətər vermədən beynəlxalq müşahidəçilərin rolunu nəzərdən keçirməyə davam edəcəklər”.
Rəsmi Bakının narazılığından sonra yekun, razılaşdırılmış versiyada mətn belədir:
“Azərbaycan hökuməti Dağlıq Qarabağ sakinlərinin hüquqları və təminatlarının müzakirələrinin aparılması üçün Dağlıq Qarabağın erməni etnik icmasının analoji nümayəndəsi ilə iş üçün nümayəndəsini təyin edəcək. Nümayəndələr beynəlxalq birlik üçün transparent müzaikrələri təmin edəcəklər. İştirakçılar Dağlıq Qarabağdakı azlıq qruplarının müdafiəsi məsələsində etimadı təmin etmək üçün Azərbaycanın suverenliyinə xələl gətirmədən konsultativ əsasda beynəlxalq tərəfdaşların rolunu nəzərdən keçirəcəklər”.
Beləliklə, sənədin yekun variantında əsas, mərkəzi və prinsipial dəyişiklik “konsultativ əsasda” ifadəsidir ki, bu da Qarabağın Azərbaycan ərazisi olmasının şübhəsizliyini təsdiqləyir.
Başqa sözlə, məhz Bakı gərəkli və məntiqli hesab etdiyi qərarları qəbul edəcək. Digər tərəflərin fikirləri və ya mövqeləri isə “konsultativ” olacaq, yəni Azərbaycanın hakimiyyət dairələrinin hansısa təklifi məqbul sayıb-saymaması yeganə şərtdir.
Sənədin yekun versiyasında daha bir önəmli məqam Azərbaycanın siyasi lüğətində “Dağlıq Qarabağ” yox, “Qarabağ” ifadəsinin mövcudluğunun göstərilməsidir.
Göründüyü kimi, Ermənistan hakimiyyəti 30 ildən bəri ermənilərin refrenə (xor – red.) çevirdikləri “Qarabağ məsələsi”ni özü üçün bağlayır, Azərbaycanın region üzərində danılmaz və suveren hüquqlarını tanıyır.
Ermənilərlə yanaşı, Qərb ekspertləri də hesab edirlər ki, sentyabrın 27-də Vaşinqtonda keçirilmiş görüş, aparılmış danışıqlar Bakının şəksiz qələbəsi ilə başa çatıb.
Görüşün, danışıqların və müzakirələrin təşkilatçısı olan ABŞ isə Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bərpası, sərhədin demarkasiyası və delimitasiyası, habelə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində yardım vəd edib.
Rəsmi Vaşnqton habelə ilin sonunadək eyni formatda daha bir görüş keçirərək yekun sülh müqaviləsinin imzalanması və bununla bağlı diskussiyalardakı mümkün maneələrin aradan qaldırılması, nəticənin əldə olunması üçün səylərini əsirgəməyəcək.
Sənədin dilini diplomatik kazuistikadan “tərcümə” etsək, məzmun budur: Qarabağ Azərbaycan ərazisidir, oradakı ermənilərin hüquqlarını və istəklərini yalnız rəsmi Bakının nümayəndəsi ilə müzakirə edə bilərlər.
Sosial şəbəkələrdə bilərəkdən yayılmış sənədin məqsədi “kompromat” nümunəsinin daha bir izharı yox, Ermənistan vətəndaşlarını, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniləri və xarici ölkələrdəki erməni diasporunu yaxın gələcəkdə yaşanacaq proseslərə indidən hazırlamaqdır.
ABŞ Azərbaycandan sentyabrdakı olaylarda əsir alınmış ermənilərin də qaytarılmasını istəmişdi.
Qaytardıq - Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken də Bakıya zəng vuranda bunu təsdiqləmişdi.
Azərbaycanla Ermənistan arasındakı situasiyanın çözülməsində Birləşmiş Ştatlar üçün trend olan 3 məsələ var: yekun sülh müqaviləsi, Bakı-İrəvan dialoqu, qarabağlı ermənilər.
Yekun sülh müqaviləsi aprior (ilk – red.) olaraq Azərbaycanın ərazi bütövlüyünün təminatını və tanınmasını nəzərdə tutur. Fəqət, Zəngəzur dəhlizi məsələsi Bakı ilə İrəvan arasındakı danışıqları uzada bilər. Əsas problem də indi Ermənistanın baş naziri Nikol Paşinyanı dəstəkləyən ABŞ və Fransanın məsələ ilə bağlı təbəddülatlı mövqe tutmalarıdır.
İstənilən halda çox maraqlıdır: görəsən, Rusiyanın birbaşa maraq dairəsində olan, Moskvanın gerçəkləşməsini səbirsizliklə gözlədiyi və ən əsası, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin nəzarətdə saxlamağa çalışacağı Zəngəzur dəhlizi ideyasını gerçəkləşdirmək istiqamətində Vaşinqtonla Paris nə edəcəklər?
Yekun sülh müqaviləsinin imzalanmasına ayrılan vaxt ilin sonunda bitir.
Avropa İttifaqının Ermənistana, Azərbaycanla sərhəddə yollayacağı missiyanın fəaliyyət müddəti də elə həmin vaxtda başa çatmalıdır.
Təbii, missiyanın müddəti İrəvanda artırılacaq, lakin Bakı Aİ missiyası ilə sadəcə, ilin sonunadək tərəfdaşlıq edəcək.
Bakının qarabağlı ermənilərlə, yəni Azərbaycan vətəndaşı olan bu şəxslərlə dialoquna gəldikdə isə, ABŞ və Fransa da prosesə qatılmaq istəyirlər.
Daha doğrusu, qatılmaq üçün əllərindən gələni edəcəklər, lakin rəsmi Bakı buna imkan verməyəcək.
Fransa Senatı bundan sonra da ermənilərin dəstəklənməsinə yönəlmiş istənilən sayda bəyanat verib qətnamə qəbul edə bilər, lakin Azərbaycan və Türkiyə fransızların prosesə müdaxiləsini tam dezavuasiya (rədd – red.) edəcəklər.
Ermənistanla yekun sülh müqaviləsinin imzalanması üçün Fransa Prezidenti Emmanuel Makronun danışıqlar masası arxasında olması vacibdirsə - Bakı buna dözə bilər.
Lakin sərhədin demarkasiyası və delimitasiyası, habelə qarabağlı ermənilərlə bağlı məsələlərdə Fransa ifrat fəallıq etməyə çalışarsa, Bakı Makronu piyada erotik səyahətə göndərəcək.
Rusiyaya gəldikdə isə - Moskva yaşananlardan çox narazıdır.
Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: “Rusiya Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədində mülki missiya yerləşdirmək niyyətini Brüsselin Moskvanın səylərini kənara itələmək və münasibətlərin nizamlanmasına müdaxilə cəhdi kimi görür”.
O, daha sonra bildirib: “Təəssüf ki, biz bunda Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına hər hansı formada müdaxilə, ölkəmizin vasitəçilik səylərini kənara itələmək üçün növbəti cəhdini görürük”.
Moskvanın mövqeyinə gəldikdə, Zaxarov qeyd edib ki, Bakı ilə İrəvan arasında barışığın, regionda davamlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir.
Zaxarovanın sözlərinə görə, Bakı ilə İrəvan arasında barışıq əldə etməyin, regionda davamlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir.
“Biz bu məsələ ilə bağlı azərbaycanlı və erməni həmkarlarımızla mütəmadi əlaqələr saxlayırıq. Biz Astanada MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində keçiriləcək tədbirdən yararlanmağı gözləyirik”, – o əlavə edib.
... Moskvanın qıcığı və əsəbi anlaşılandır. ABŞ-ın təklif etdiyi anlaşma variantında “Qarabaın statusu” məsələsi yoxdur: amerikalılar 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra “status”un tarixə qovuşduğunu anlayırlar.
Rusiya isə tam əksinə, “status probleminin müzakirəsi”ni yekun sülh müqaviləsindən əlahiddə sayır və sonradan danışıqlar aparılmasını istəyir.
Məqsəd Bakı ilə İrəvana konkret təzyiq vasitəsini işlək saxlamaqla yanaşı, Rusiyanın sülhməramlı kontingentinin fəaliyyət müddətinin başa çatmasından sonra da rusiyalı hərbçiləri Xankəndində saxlamaqdır.
Bu arada Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyunyan İrəvana yollanaraq Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb, danışıqlar aparır.
Daha konkret olsaq, Araik artıq üç gündür İrəvandadır. Səfərin rəsmi məqsədi “Azərbaycanla sülh müqaviləsi prosesində İrəvan qarabağlı ermənilərlə bağlı hansı addımları atmaq niyyətindədir” sualına aydınlıq gətirilməsidir.
Gerçək məqsəd isə “İrəvan bundan sonra da pul verəcək, ya yox?” məsələsidir.
Məsələ Rusiya üçün də çox mühümdür, çünki Ermənistan Müdafiə Nazirliyinin hərbçilərinin rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə olması, habelə qarabağlı ermənilərin maliyyələşməsi məqamıdır.
Həmin məqam isə Rusiyanın sülhməramlı kontingentinin Azərbaycan torpaqlarında qalıb-qalmamasınnı həll edir.
Avropa İttifaqının missiyasına gəldikdə - çox yəqin Rusiya Qərbin proseslərə müdaxiləsini zəiflətmək üçün Ermənistana KTMT missiyası yollayacaq.
Yekun sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesin sürətlənməsinin qarşısını ala bilməyən Rusiya indi itirdiyi mövqeləri geri qaytarmağa çalışır.
Bu səbəbdən də Rusiyanın XİN başçısı Sergey Lavrovun yekun sülh müqaviləsinin mətninin hazırlanması prosesinə qarışmağa çalışacağı şübhə doğurmur.
Eyni zamanda, Rusiya qarabağlı ermənilərin tərksilah edilməsi və Zəngəzur dəhlizi məsələlərindən də Bakıya təzyiq etmək üçün maksimum yararlanmağa can atacaq.
Beləcə hazırda məhdud resurslardan, xüsusilə də İrəvanla Xankəndindəki təsir agentlərindən istifadə edərək situasiyanın maksimum gərginləşdirilməsi Moskvanın yaxın perspektivdəki planı sayıla bilər.
Orta perspektivdə isə rusiyalı sülhməramlılar və Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın “maraqlarının təminatı” var.
Fəqət, buna istər Bakı, istər Ankara, istərsə də Qərb razılaşan deyil.