Vaxt.Az

50 faiz artım


 

Türk dövlətləri ilə ticarət dövriyyəsi yüksəlir

50 faiz artım Qırğızıstandan sonra Azərbaycan Prezidenti İlham Əliyev digər Türk dövlətinə – Qazaxıstana işgüzar səfərə gəlib. Bu arada Türkiyə Prezidenti də Astanadadır. Son dövrlər Türk dövlətləri arasında strateji əlaqələrin sürətlə inkişaf etməsi müşahidə edilir. Bu özünü iqtisadi münasibətlərdə də göstərməkdədir. Digər tərəfdən, inkişaf fondlarının yaradılması qarşılıqlı sərmayə imkanlarını daha da gücləndirəcək.

Bu ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 3 milyard 991 milyon dollar olub. Həmin müddətdə Türkiyə ilə 3 milyard 376 milyon, Qazaxıstan ilə 350.1 milyon, Türkmənistan ilə 156.9 milyon, Özbəkistan ilə 103.7 milyon, Qırğızıstan ilə isə 4.5 milyon dollar dövriyyə qeydə alınıb. Ötən ilin ilk 7 ayında isə ölkəmiz qardaş Türk dövlətləri ilə 2 milyard 662 milyon dollarlıq ticarət dövriyyəsinə sahib olub. 2021-ci ilin həmin müddətində Türkiyə ilə 2 milyard 502 milyon, Qazaxıstan ilə 58.4 milyon, Özbəkistan 54.2 milyon, Türkmənistan ilə 41.6 milyon, Qırğızıstan ilə 5.7 milyon dollar dövriyyəyə malik olmuşuq.

Bu isə o deməkdir ki, bu ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilin uyğun dövrü ilə müqayisədə 50.0 faiz artıb. Kifayət qədər ciddi artımdır. Türk dövlətləri yeni inkişaf və əməkdaşlıq mərhələsinə qədəm qoyur. İnvestisiya fondlarının yaradılması, strateji qərarlar, birgə layihələr Türk dünyasını daha da yaxınlaşdıracaq və bütövləşdirəcək.

 





12.10.2022    çap et  çap et