Vaxt.Az

Rusiyanın gələcək fiaskosu


 

Xəzərin o tayı bizə Avropa kimi baxır

Rusiyanın gələcək fiaskosu Orta Asiyanın Türk Respublikaları yaxın zamanda dünya siyasətinin mərkəzlərindən birinə çevriləcək. Dünyanın iqtisadi inkişafının “motoru” Asiyaya, Çinə, Hindistana və hər iki dövlətin orbitində olan ölkələrə keçib-keçir, yaxın 20 ildə iqtisadi mərkəz məhz Hind-Sakit okean hövzəsi olacaq.

Yeni modeldə Orta Asiyanın Türk Respublikalarının üzərinə böyük rol düşür – onlar körpü, müxtəlif fraqmental lider ölkələr arasında bufer zona rolunda olacaqlar.

Həmin ölkələri həm də Rusiyanın gələcək fiaskosuna hazırlamaq lazımdır. Əslində bütün dünya bu gün post-Putin, zəifləmiş Rusiya dönəminə hazırlaşır, ölkələr onilliklərə hesablanmış “vizion” qurur.

Yeni dünyada Türk Cümhuriyyətlərinin unikal rolunun olması üçün öz aralarında sıx inteqrasiya bağlarının, əsas da dövlətlərarası koordinasiya institutlarının yadadılması çox önəmlidir.

Bu missiyada Azərbaycanın unikal mövqeyi ola bilər – Orta Asiya Türk Respublikaları üçün biz Türkiyədən “bir köynək” daha yaxınıq. Türkiyə vacib, önəmli, güclü “oyun qurucu” rolunu gücləndirməli, Azərbaycan isə Orta Asiyanı Türkiyəyə, eləcə də dünyaya bağlayacaq strateji körpü olmalıdır. Azərbaycan Xəzərin o tayında böyük “yumşaq gücə” malikdir, biz bunu ölkədə yaşayaraq anlamasaq da, Xəzərin o tayı bizə Avropa kimi baxır, bizi Avropa sayır – bunu doğru dəyərləndirməliyik.

Hər şey çox tez dəyişir-dəyişəcək, qlobal dünyadan fraqmental dünyaya keçid baş verir, bu yeni formatda Türkiyə fraqmental dünyanın yeni regional güc mərkəzi, Azərbaycan isə bu yeni güc mərkəzinin əsas oyunçusu ola bilər.

Bunun üçün Türk Dövlətləri Təşkilatının (TDT) işlək koordinasiya institutları yaranmalıdır. TDT ərazi olaraq böyük bir coğrafiyadır, əhali olaraq 160 milyonluq bazardır. Bu qurum öz gücünü və nüfuzunu dəqiq hesablaya, doğru dəyərləndirib düzgün strategiya qura bilsə, gələcək fraqmental dünyanın əsas oyun qurucularından biri olacaq.

Bu gün 10-20-30 il önə baxmağı bacarmaq, gələcəyin təməlini düzgün qoymaq zamanıdır...

 





12.10.2022    çap et  çap et