Ən sadəsindən, az qala hər gün kiməsə SMS yazırıq, adres sətrinə hansısa saytın ünvanını yazırıq, bloq yazırıq, sosial şəbəkələrdə status-tvit yazırıq, yazılanlara şərh yazırıq. Bu, peşəkar ədəbi iş, yazanlar hamısı sənətçi olmasa da, indiki çağın insanı heç bir epoxada olmadığı qədər çox yazır; bu çağda “yazmaya bilirsinizsə, yazmayın” sözü ögey səslənir. Çünki virtual dünyada yazılanlara ötəri nəzər salmaq kifayətdir ki, hər cümlənin arxasında təxminən belə bir əda görəsən: “yazmaya bilmədim”, yaxud “…yazmağı özümə borc bildim.” Bu refleksin məntiqi aydındır – artıq növbə gözləmək yoxdur, redaktorun, senzorun kefinə, insafına qalmaq yoxdur, hər şey bir kliklik məsafədədir. Bu böyük Əlyazmalar Karnavalından, Qaralamalar Yarmarkasından baş çıxarmaq qəliz məsələdir.
Tanış olun – Matas!
Enrike Vila-Matas 1948-ci ildə Barselonada doğulub, hüquq və jurnalistika təhsili alıb. 1968-ci ildə “Fotogramas” jurnalında redaktor kimi işləmə başlayır və kino mühiti ilə tanışlıqdan sonra 1970-ci ildə iki qısametrajlı film çəkir. 1971-ci ildə hərbi xidmətə çağırılır və Matas ordakı hərbi silah-sursat anbarının arxasında kiçik otaqda ilk romanını yazmağa başlayır. Hərbi xidmətdən qayıdandan sonra müxtəlif kino-jurnallarda analitik yazılar yazır. Matas sonrakı illərdə, daha dəqiqi, 1974-76-cı illər arasında “Heminqueyin kölgəsinin izi ilə” yollandığı Parisdə yaşayır. Orada Enrike məşhur yazıçı Marqaret Dürasın himayəsinə keçir. Xanım Düras onun gələcəkdə usta yazıçını olacağını sezir və az qala güclə onu yazmağa məcbur edir. İndi Vila-Matas ən orijinal, hətta ekssentrik ispan yazıçılarından biridir. Onun geniş ədəbi mükafatlar kolleksiyasında “ispandillilərin Nobeli” adlandırılan Romulo Qalyeqos adına mükafat, Milli tənqid mükafatı, Fransanın nüfuzlu “Mediçi” mükafatı var.
“Bartlbi və çevrəsi” romanı
Enrike Vila Matasın “Bartlbi və çevrəsi” romanı çap olunan kimi (2000) ilin ədəbi hadisələrindən oldu. Roman, yazmaqdan ən müxtəlif səbəblərə görə imtina etmiş yazıçılardan bəhs edir. Əsərin qəhrəmanı bir az Frans Kafkadan, bir az da Fernando Pessoadan təsirlənərək yaradılmış Marselo adlı ofis işçisidir. Marselo, Herman Melvilin məşhur əsəri “Mirzə Bartlbi”də, yazmaqdan, yaxud yazdıqlarını çap etdirməkdən qaçan, yəni bir növ “yox” deməyin, rədd etməyin gücünü kəşf etmiş “Bartlbi sindromu”na mübtəla yazıçıları araşdırmaq qərarına gəlir. 1999-cu ildən başlayaraq Marselo “görünməz bir mətnə şərhlər” yazmağa, “səssizliyə qərar verən” yazıçılar haqqında bir gündəlik tutmağa başlayır.
Matasın romanı Marselonun yazıya köçürdüyü esse-gündəlik formasında qələmə alınmış 86 qeyddən ibarətdir. Bu qeydlərdə Sokratdan Xuan Rulfoya, Selincerdən Tomas Pinçona qədər yazmamaq qərarına gəlmiş bir çox sənətkarlardan bəhs olunur. Romanda reallıqla irrealıq iç-içə keçir, bir-birinin sərhədini pozur. Matasın bu romanı təkcə qəribə mövzusu ilə maraqlı deyil, əsər eyni zamanda ənənəvi ədəbiyyat kateqoriyasından fərqli, yeni estetik hədəflərin axtarışı kimi də cəlbedicidir. Matas ənənəvi xətti təhkiyə formasından qaçır və oxucunu qəribə bir oyuna cəlb edir: bu oyunun içində əslində bir neçə mətn birdən oxunmuş olur; əsər bir tərəfilə roman, başqa tərəfilə esse-gündəlik, bir ayrı tərəfiyləsə araşdırmadır. Bu eklektika, estetik kokteyl oxucuya bir neçə dadı eyni anda dequstasiya etmək imkan yaradır və bu qarışdırma işi çox şəffaf, görünməz bağlarla elə qurulur ki, oxucunun ürəyini vurmur.
Jak Barzun və Henry Graffın “Modern araşdırmaçı” kitabında gənc tədqiqatçılara çoxsaylı praktiki məsləhətlər təklif olunur və bu məsləhətlərdən ikisi, fikrimcə, diqqətəlayiqdir: birincisi, xırda vərəqlərdə kiçik qeydlər aparın, ikincisi isə, mövzunun keçmişini öyrənin. Bu mənada Matasın orjinal bir üsula ət atıb, həm özü müəllif kimi yazmaq istədiyi mövzunun araşdırmaçısı kimi qarşımıza çıxır, həm də bu araşdırma prosesinin özünü romana mövzu edir. Matas allüziyalar vasitəsilə “rədd ədəbiyyatı”nın nümayədələrindən ibarət, mərkəzi olmayan bir labirint yaradır. Bu labirintin içində hər kəsin öz alibisi var və bu paradoksal alibilər mərkəzsiz labirintin ölçüsünü səhifə-səhifə böyüdür. Matasın paradokslarla hörülmüş incə postmodern romanından dequstasiya üçün bir-iki fraqment dadmaq istərdiniz, yəqin:
“- Necə yəni niyə yazmıram?
Xuan Rulfo 1974-cü ildə Karakasda hiddətlə belə deyirdi, – çünki Selerino əmim vəfat edib. Axı bütün maraqlı hekayələri mənə məhz o danışırdı. O, mənimlə söhbətləşməyi sevirdi. Lakin xalis yalançı idi. Ondan eşitdiklərimin hamısı başdan-ayağa uydurmadır, deməli, mənim yazdıqlarım da uydurmadır. Selerino əmim xüsusilə yoxsulluqdan şikayətlənməyi sevirdi, lakin elə də kasıb deyildi…”
…Paranoik Peres heç vaxt kitab yaza bilməmişdi. Çünki o, haçan nəsə düşünüb işə başlamaq istəyəndə, məlum olurdu ki, Saramaqo artıq onun yazacağı romanı yazıb. Axırda Paranoik Peres ağlını itirdi. Onun əhvalatı Bartlbi sindromunun çox maraqlı növüdür.
– Peres, kitabın necə gedir?
– Onu yazmayacam. Saramaqo yenə ideyamı oğurlayıb…”
Bax belə olur yaza bilənlərin yaza bilməməyi.