Vaxt.Az

Aclıq və qida çatışmazlığı böyüyür


 

BMT-dən həyəcan təbili

Aclıq və qida çatışmazlığı böyüyür BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) baş direktorunun köməkçisi və Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Vladimir Oleqoviç Raxmani 16 oktyabr Dünya Qida Günü ilə əlaqədar müraciət edib.

FAO-dan verilən xəbərə görə, müraciətdə bildirilib ki, aclığa son qoymaq və kollektiv olaraq nə edə biləcəyimizi düşünmək üçün gündür:

“Bu gün həmçinin, dünyada sağlam qidaya sahib olmayan 3,1 milyard insan və aclıqla mübarizə aparan 828 milyon insan üçün bütün bacardıqlarımız səfərbər etmək üçün gündür. Biz birlikdə çalışıb səylərimizi biləşdirərək, dünya miqyasında, eləcə də Avropa və Mərkəzi Asiyada insan tələfatına səbəb olan və uşaqlarımızın sağlam gələcəyini riskə atan aclığa və qida çatışmazlığına son qoymaq üçün gecikmədən addımlar atmalıyıq.

Dünya son iki ildə bir çox sayda insanın təsirlənməsi ilə nəticələnən qlobal böhranlarla üzləşib. COVID-19 pandemiyası, qida istehsalına təsir edən ekstremal hava hadisələri, ərzaq və enerji məhsullarının qiymətlərinin artması və münaqişələr Avropa və Mərkəzi Asiya regionuna da təsir edib. Aclıq və qida çatışmazlığı artmaqda davam edir və bununla da daha çox insan yoxsulluğa düçar olur. İndi, hər zamankından daha çox, hər kəs üçün, hər yerdə yeni bir ümid yaratmaq üçün birlikdə çalışmağın vaxtıdır.

Biz hər kəsin hər zaman təhlükəsiz, əlverişli və sağlam qidaya çıxışının olmasını təmin etmək üçün tədbirlər görməliyik. Dayanıqlı dəyişiklik yalnız razılaşdırılmış, qətiyyətli kollektiv fəaliyyətlə baş verə bilər.

FAO-nun rəhbərlik etdiyi mühüm və genişmiqyaslı dəyişikliklərdən biri qida sistemlərinin düzgün istiqamətdə yönləndirilməsi, bazara çıxışın və inteqrasiyanın asanlaşdırılmasıdır. FAO-nun daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və hamı üçün daha yaxşı həyat təşəbbüsü qida sistemlərini daha səmərəli, dayanıqlı olmasına töhfə verəcək. Bizim aqro-ərzaq sistemlərimiz daha ədalətli və güclü gələcək üçün böyük potensiala malikdir, çünki onlar həyatımızın və iqtisadiyyatımızın bir çox sahələri ilə - kənd təsərrüfatından tutmuş təbii ehtiyatlara, enerjiyə, səhiyyəyə qədər bir-biri ilə bağlıdır.

Avropa və Mərkəzi Asiyada aqro-ərzaq sistemlərinin davamlı inkişafında baş verən ictimai-siyasi keçidlər olduqca böyük təsirə malikdir. Regionda FAO daha dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması üçün milli və regional ticarət siyasətlərinin inkişafına dəstək verir.

Amma bu məqsədə çatmaq üçün biz qlobal cəmiyyət kimi birgə hərəkət etməliyik. Biz aclıq, qida çatışmazlığı, ərzaq təhlükəsizliyi və qıtlıq riskinin mövcud olduğu ölkələrə dəstək olmalı, onlara ərzaq sistemlərinin inkişaf etdirilməsinə kömək etməliyik, humanitar müraciətləri maliyyələşdirməli və dayanıqlılığı artırmalıyıq. Yerli qida istehsalının artırılmasına, təbii sərvətlərin qorunmasına, yerli ənənələrin və mədəni əhəmiyyətli torpaqların və aqro-ekosistemlərin tanıdılmasına daha çox üstünlük verilməlidir.

Biz kənd təsərrüfatı sistemlərinə sərmayə qoymaqla ən həssas təbəqələri, o cümlədən kiçik sahibkarları gücləndirməliyik. Bu, kiçik sahibkarları dəyişikliyin əsas hissəsinə çevirərək, praktiki təlimlərə, elmə, məlumatlara, texnologiyaya və innovasiyalara birbaşa çıxışın təmin olunmasına gəritib çıxaracaq. Kənd təsərrüfatının innovasiyası və rəqəmsallaşdırılması kiçik fermerlərə hava, torpaq şəraiti, suvarma, daşqın kimi hadisələrdən sonra sığorta ilə bərpa, zərərvericilərə qarşı mübarizə kimi vacib məlumatlara çıxış imkanı verməklə kiçik fermerlərin dolanışıqlarını yaxşılaşdıra və daha da sürətləndirə bilər.

Avropa və Mərkəzi Asiyada kiçik təsərrüfatların, ailə təsərrüfatlarının və gənclərin səlahiyyətləndirilməsi üzrə regional təşəbbüs çərçivəsində FAO rəqəmsal bacarıqlara malik kənd icmalarının inkişafına dəstək verir. Burada əsas məqsəd kiçik sahibkarlara gəlirlərin artırılmasına kömək etmək və gələcək üçün həm təsərrüfatda, həm də təsərrüfatdan kənar məşğulluq və biznes imkanlarını təmin etməkdir. Layiqli məşğulluq insan ləyaqətinin əsasını təşkil edir. Biz gender bərabərliyini təşviq etməklə və kənd icmalarını dəstəkləməklə bərabər, layiqli kənd məşğulluğuna nail ola bilərik. Eyni zamanda, hökumətlər həssas qrupları qoruyan sosial müdafiə proqramlarını vaxtında və dəqiq şəkildə təmin etməlidirlər.

Builki Ümumdünya Qida Gününün bu səyləri sürətləndirərək heç kimin kənarda qalmadığı, hər kəsin sağlam və faydalı qidaya çıxışı olduğu gələcəyə addım atmasına dəstək olacağına ümid edirəm”.

 





14.10.2022    çap et  çap et