Lakin Ağdam təmsilçisi Yunanıstandakı uğurun davamını doğma meydanda gətirə bilmədi. Əslində bu klubla qrup oyunlarından öncə iki oyundan 4 xal toplayacağımızı desəydilər ikiəlli razılaşardıq. Amma “Qarabağ”ın göstərdiyi yüksək səviyyəli oyun, “köhlən atlar”ın ayaq səslərindən artıq rəqiblərinin ondan açıq-aşkar qorxub-çəkinməsi təmsilçimizin daha böyük yerlər uğrunda mübarizə aparmağı haqq etdiyinin təsdiqidir.
Ötən gün “Tofiq Bəhramov” adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Olipmiakos”la qolsuz bərabərliklə bitən oyundan sonra “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun fləş-müsahibə zamanı etdiyi etirafı dinlədikdə bu deyilənlərin nə qədər həqiqəti əks etdirdiyini anlamaq çətin olmaz.
Q.Qurbanov Kadinin zədələndiyi üçün onu ikinci hissənin əvvəllərində məcburi əvəzləməsi ilə hazırladığı oyun planının pozulduğunu etiraf etməsi bir daha “Qarabağ”in transfer(sizlik) siyasətinə görə klubun əl-üzünü yumağa çalışan bəzi şəxslərə, obyektivlik duyğusundan çox uzaq olan, təəssübkeşliyini çəkənlərə elə onun özündən tərs sillə idi.
Demək ki, Ağdam klubunun baş məşqçisi də etiraf etmiş oldu ki, Kadi Borqesin mövqeyinə onun səviyyəsində əldə onu əvəz edəcək futbolçusu yoxdur. Yay transfer dönəmində hərəkətsizliyi ilə yadda qalan “Qarabağ”ın transfer siyasətini tənqid edəndə, deyəndə ki, “Qarabağ”a Avropada rəqabətə davamlı olması üçün mütləq transferlər lazımdı, irad tutanda ki, “Qarabağ”ın nəticəyə hesablanmış oyununu tək Kadi və Zubirdən asılı qoymaq klub üçün baha başa gələ bilər, o zaman klub rəhbərliyinin siyasətini müdafiə edib, peyda olan “vəkillər”, bəs indi Qurbanovun bu etirafına nə deyirsiniz?
Bu gün “Qarabağ” çətin Yunanıstan səfərində 3 cavabsız qolla qalib gəldiyi “Olimpiakos”a heç olmasa bir topla da olsa qalib gəlməyi haqq edirdi. Söz yox ki, “Qarabağ” həqiqətən möhtəşəm oynadı, növbəti dəfə Avropa TOP 5 liqada oynayacaq səviyyədə mübarizə ortaya qoydu. Amma nə olsun?
Yekunda nəticə etibarilə “Qarabağ” doğma divarlar arasında 1 xala razılaşdı. Çünki “köhlən atlar” oyun planını heç mübahisəsiz bu mövsüm üçün ön xəttə ən üst səviyyədə olan futbolçusu Kadi üzərində qurdu, o isə şanssızlıq nəticəsində meydanı yarımçıq tərk etməli oldu.
Nəticədə “Qarabağ” “Frayburq”la arasındakı 3 xallıq fərqi qoruya bilmədi və almanlar qrup birincisi kimi “playoff”a yüksəlmək şanını bundan sonra əldən verəcək kimi görünmür. Amma qrupdan birinci kimi çıxmaq üçün “Qarabağ”ın əlində çox yaxşı şans var idi. Bu şans məhz “Qarabağ”ın öz əlində idi. Amma elə bu oyundakı qol epizodları kimi, amma istifadə edə bilmədi. Dünən “Frayburq”un Fransa səfərində “Nant”a 4 cavabsız qol vuraraq dörddə-dörd edərək maksimum nəticə ilə qrup zirvəsində qərarlaşması “Qarabağ”ın G qrupundakı taleyini “Frayburq”un bundan sonra “Olimpiakos”la oyununun nəticəsini gözləməkdən başqa seçim buraxmadı.
Nəzərə alsaq ki, nə yeni baş məşqçinin gəlişi və klub olaraq optimal formadan, oyun planından xeyli geri qaldıqları diqqətdən qaçmayan “Olimpiakos” “Frayburq”a qalib gələcək vəziyyətdə deyil, nə də Almaniya təmsilçisi qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin etmək üçün əlinə düşən fürsəti “Qarabağ”la səfərdə son oyuna saxlamaq istəyəcək. Ən pis halda “Frayburq”un “Olimpiakos”dan söküb alacağı 3 xal alman təmsilisinin qrup lideri kimi növbəti mərhələdə nisbətən zəif klubla qarşılaşmaq imkanı verəcək.
Əslində pley-offa çıxmaq üçün ikincilik də əla nəticədir, amma bunun üçün son iki turu da xallarla bitirmək lazımdır. Azərbaycanın üzünü Avropada ağ edən “Qarabağ” birinciliyi qarantı etməklə növbəti mərhələdə nisbətən “zəif” klubla qarşılaşmaq imkanı əldə etmiş olardı. Amma əfsuslar olsun ki, “Qarabağ” bu mənada işini bir balaca çətinə saldı, son iki turu daha həyəcanlı keçirməli olacaq.
Bu fikirləri yazmağımın səbəbkarlarınadır sözüm: Özünüzü ürəyi yanan, bizi “Qarabağ” düşməni kimi göstərmək kənardan çox gülməli görünür. Belə olmaması üçün sadəcə işinizə obyektiv yanaşmaq lazım. “Qarabağ”da kimlərləsə şəxsi münasibətlərə görə, xarici səfərlər zamanı diqqətə alınmaq üçün “vəkillik” çox ucuz qərardır.
Zamanında “Qarabağ”dan transferlə bağlı tələb edənlər sırasına siz də qoşulsaydınız, bəlkə də klub rəhbərliyi bu təzyiqlərə tab gətirməyərək arzulanan transfer(lər)i həyata keçirəcəkdi. İndi fərqli bir mənzərə ilə üz-üzəyik. Amma işini çətinə salan “Qarabağ”ın bu sınaqdan müsbət nəticə ilə ayrılmaq üçün bundan sonra da döyüşəcəyini istisna etmirəm. Çünki komandanın döyüş ruhu onun ən böyük üstünlüyüdür.