Vaxt.Az

“Qərəzsizliyi ciddi sual altındadır”


 

Azərbaycan XİN-dən Emmanuel Makrona sərt cavab

“Qərəzsizliyi ciddi sual altındadır” “Fransa Respublikasının Prezidenti Emmanuel Makronun sözügedən müsahibəsində Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir və Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları rədd edirik”.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd olunub ki, Fransa Prezidenti məhz o dövlət başçısıdır ki, Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi barədə, ölkəsi Minsk Qrupunun həmsədri olmasına rəğmən bir kəlmə də olsun söz deməyib: “Fransa Prezidenti, təəssüf ki, bu günədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur.

Azərbaycan öz növbəsində, hazırda Minsk Qrupunun fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə yox deməyib və bu günədək Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər baş tutub. Ancaq Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altında alır.

Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir”.

 





14.10.2022    çap et  çap et