İstənilən ölkə/dövlət onu bu, və ya digər şəkildə dünyaya gətirmiş cəmiyyət/toplumda qəti müəyyən edilmiş fikir ilə formalaşır, çoxluğun qəbul etdiyi bu fikri də təkzib edənlər yalnız marginallar və ekstravaqantlar qrupu olur ki, fransız cəmiyyətində də bizim (haqlı olub-olmağımızdan asılı olmayaraq) tərəfimizə söz deyəcək adam bəlkə top atəşinə tutulacaq marginallar ola bilər – fərq eləməz, olsun Makron, olsun Jak Şirak, yaxud Nikola Sarkozi, lap Şarl de Qol belə olsun, nəticə eyni olacaq.
Erməni ekspertlərdən maraqlı olanlardan biri Georgi Derluqyan (çünki səmimi danışır) hansısa söhbətlərinin birində bir fransız siyasətçisinin (təəssüf ki, adı xatirimdə qalmayıb) onunla söhbətdə danışdığı tezisi demişdi. Adam parlamentdə sol liberal cinahın nümayəndəsi imiş və buna deyibmiş ki, şəxsən liberal olsam da Türkiyə (yəni ki, eynilə də Azərbaycan) mövzusunda özümü bir səlibçi kimi hiss edirəm.
Bunlar zarafat kimi səslənsə də, tarixi-ictimai reallıqlardır, ola bilər zarafata salaq, gülək, olsun, amma bunları sonda anlamaq da gərəkdir, cəmiyyət olaraq nəhayət yetkinləşmək üçün. Bilmək lazımdır ki, bütün bunlara rəğmən Fransa bu gün paralel olaraq bizim silah satışı üzrə ən böyük tərəfdaşlarımızdandır – siyasət deyilən əslində elə gərək bu ola.
P.S. Vaxt vardı, yəni düz 20 il bundan əvvəl, rəhmətlik Şamil Qurbanovun parlamentdəki məlum çıxışına toplum olaraq gülürdük, kişi doğrudan çox əsəbi demişdi o ifadəni. Amma indi də eynisini görəndə adamın yadına Münhauzenin sözləri düşür – gülün, cənablar, gülün.