Baltik ölkələrinə səyahət uşaqlıq sevdam olub. Yurmalaya səfərdən qayıdan əmim gördüklərindən ağızdolusu danışan gündən. Deyirdi ki, oralar heç Sovetə oxşamır, elə bilirsən, xaricdəsən.
Elə həmin Sovet illərində Riqa kinostudiyasının çəkdiyi filmlər də bu yerlərə marağımı birəbeş artırmışdı. “Göl üzərində sonata”, “İlğım” filmləri yadımda yaxşı qalanlardandır. Hələ o dövrdə hər axşam bütün ölkə əhlini televizor başına yığan “Qumluqda uzun yol” serialını, onun ecazkar musiqisini demirəm heç. Raymond Paulsun bu musiqini də, Alla Puqaçovanın ifasında milyonların qəlbini fəth edən neçə-neçə mahnısını da yaşlı nəsil yaxşı xatırlayır.
Səfər proqramına Vilnüs Rəssamlıq İnstitutunu da salmışdım. “Rənglərin və səslərin harmoniyası”nın – mənim sevimli rəssamım Toğrul Nərimanbəyovun təhsil aldığı ünvana gəlib, elə buradaca uşaqlara onun rəssamlığı, vokalçı kimi oxuduğu klassik mahnılarla yanaşı əzablı, eyni zamanda zəngin həyat yolundan – Şuşadan Parisəcən – danışacaqdım. Parisdə Sarbonna universitetinin qarşısındakı bağda uzaq Şuşadan gəlib burada təhsil alan Əhməd bəy Ağaoğlu haqda danışmışdım onlara, elə maraqla dinləmişdilər ki. Bunu Vilnüsdə də təkrarlamaq niyyətində idim.
Belə bir səfərdə görüşmək istədiyim, yazacağım reportajda ayrıca bölmə həsr edəcəyim adam isə Vitautas Landsbergis idi. Vilnüsə gəlib Avropanın nüfuzlu idealist demokratı, Litva Xalq Cəbhəsi – “Sayudis” hərəkatının qurucularından biri, müstəqil Litvanın ilk dövlət başçısı, Avropa Parlamentinin 89 yaşlı üzvü, beynəlxalq tədbirlərdə dəfələrlə həmsöhbət olduğum Vitautas Landsbergislə görüşməsəm, ən azından bu görüşə cəhd etməsəm günah etmiş olaram. Ona həsr etdiyim “Qara çörəyin ağ üzü” yazısında bu böyük insanla ilk görüşümüz haqda ətraflı yazmışam.
Nə uzadım – səfər baş tutmadı! Koronavirus pandemiyası səfəri gerçəkləşdirməyə imkan vermədi.
***
“Hər şərdə bir xeyir var” deyiblər. Ataların bu sözünü Mahir Həmzəyevin “Azərbaycan – Baltik mədəni əlaqələri” kitabını oxuyanda xatırladım.
Sən demə, Baltik ölkələrində dəyməyə nə qədər yer, görüşməyə neçə adam varmış. Son sözü əvvəl demək olmasın, Mahir bəyin yazdığı kitaba ensiklopediya da deyərəm, bax elə bu zənginliyinə görə.
Kitab oxucuya tək Baltik ölkələri haqda geniş bilgilər vermir, həmçinin, öz ölkəmizə uzaq şimaldan baxış fürsəti də yaradır. Özü də tək bu günümüzə yox, 100 il əvvəlimizə də.
XX əsr Litva ədəbiyyatının klassik yazıçılarından biri, ədəbiyyatşünas alim, ictimai-siyasi və mədəniyyət xadimi Vintsas Kreve-Mitskəviçyusu bu kitabla tanıdım. Başqa oxucuları deyə bilmərəm, belə bir şəxsi tanımaq mənə yeni bir kəşf kimi gəldi. Bilmirdim ki, bu mötəbər ədib hələ çar Rusiyası vaxtı Bakıda işləyib, hələ bir “Azəristan ölkəsi” adlı əsər də yazıbmış.
Oxuduqca bu kitabda da, adətim üzrə, karandaşla bir xeyli yerdə qeydlər edirdim. Vintsas Krevenin belə bir cümləsini xüsusi işarələdim.
“O adam ki, öz doğma ana dilini öyrənməkdən utanır, onu adam adlandırmaq olmaz”.
Bunu 1909–1920-ci illərdə Bakı 1-ci realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyən vaxtı uşağını ana dilində oxutdurmaq istəməyən bir azərbaycanlı valideynə deyib.
Sosial şəbəkələrdə rus dilində danışmağı elitarlıq bilən milli snoblarımız haqda söhbətlərin gündəm yaratdığı bir vaxtda bu cümlə yerinə düşdü. Odur ki, kitabdan bu sitatı “Facebook” səhifəmdə bölüşdüm.
***
Xarici ölkələrdə yüz minlərlə soydaşımız yaşayır. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Yazıçılar İttifaqının üzvü, publisist və tərcüməçi Mahir Həmzəyev yaşadığı ölkədə istər dövlət orqanları, istərsə də ictimai institutlarla sıx əlaqələr yaratmış, yerli topluma inteqrasiya oluna bilmiş nadir insanlardandır.
Azərbaycan yazıçı və şairlərinin bu qədər əsərini yaşadığı ölkənin dilinə çevirən, yerli mətbuatda dərcinə nail olan ikinci belə diaspor nümayəndəmizi xatırlamıram. İstər Nizamidən Mirzə Cəliləcən klassiklərimiz olsun, istər Anardan Pərvinədək müasirlərimiz – ədəbiyyatımızın tanıdılmasında onun misilsiz xidmətləri var. Baltik xalqlarının dilində nəşr olunan “Kitabi-Dədə Qorqud” dastanını ayrıca qeyd edim. Mənim Vitautas Landsbergisə həsr etdiyim “Qara çörəyin ağ üzü” essemi Litva dilinə çevirib yerli mətbuatda dərc etməsini də minnətdarlıq hissiylə yada salmasam olmaz.
M.Həmzəyevin fəaliyyəti birtərəfli deyil, o, Baltik xalqlarının xeyli sayda ədəbiyyat nümunəsini, məsələn, Yonas Bilyunas kimi klassik ədiblə yanaşı Danielyus Muşinskas kimi çağdaş yazıçıların əsərlərini dilimizə çevirib, ədəbi dərgilərimizdə dərc etdirib.
İsveç mətbuatında Qarabağ mövzusunda bir neçə yazım dərc olunub. Xarici ölkələrdə, xüsusən də 100 il ərzində erməni yalanlarına inanmış xristian cəmiyyətlərində bu işin nə qədər çətin olduğunu bildiyimdəndir yəqin, kitabın “Qarabağ düyünü Litva diskursunda” bölümünü daha həssaslıqla oxudum. Müəllifin bu sahədə gördüyü işlər öz yerində, yerli müəllifləri həqiqətləri yazmağa səfərbər edə bilməsi xüsusi alqışa layiqdir.
Qəsdim kitab haqda geniş yazı yazmaq deyil. Ədəbi tənqidçiliyim yoxdur, sadəcə, bəzən elə kitablara rast gəlirsən, sənə mövzu verir, yeni yazıya səbəb olur, ruhlanıb yazırsan. “Adamlar və kitablar” silsiləsindən yazdığım yazılara mövzu verən kitablar kimi. Bu yazı da “Azərbaycan – Baltik mədəni əlaqələri”kitabından ruhlanaraq yazıldı.
Baltik ölkələri ilə əlaqələrin tarixinə, bugününə işıq tutan kitabdan danışıram. Çar Rusiyası zamanı, Cümhuriyyət dövrü, Sovet vaxtı, müstəqillik illərində qırılmayan, əskinə, daha da genişlənən mədəni, siyasi əlaqələrdən bəhs edən ensiklopedik topludan söz açıram.
… Həm də sahilində yaşadığım Baltik dənizinin o üzündən xəbər verən – Xəzərdən giləvar əsirmiş kimi sıcaq yurd duyğusu yaradan kitabı deyirəm.