Sosial mediada yayılan xəbərlər və görüntülərə əsasən, şənbə günü Ərdəbil şəhərinin bir neçə bölgəsində mitinqlər və toqquşmalar baş verib.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin verdiyi məlumata görə, həmin gün əksəriyyəti gənc qadınlar və yeniyetmələr olmaqla təqribən 50 etirazçı polis və təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.
Keçən çərşənbə günü təhlükəsizlik qüvvələri Ərdəbilin “Məsumə” və “Şahid” liseylərində hakimiyyətyönümlü yürüşlərə qatılmaqdan imtina edən şagirdlərə qarşı zorakılıq tətbiq ediblər. Bir çox şagirdin saxlanıldığı, bir neçəsinin isə xəstəxanaya göndərildiyi bildirilib.
Bəzi mənbələr Ərdəbilin Fatimi xəstəxanasına yerləşdirilən Şahid liseyinin şagirdlərindən birinin həyatını itirdiyini yazıblar. Rəsmi dövlət agentliyi İRNA rəsmilərə istinad edərək şagirdin öldürülməsi xəbərini təkzib edib.
“Amnesty International” təşkilatının oktyabrın 13-də yayımladığı bəyanata görə, İranda keçən ay hicabı düzgün örtmədiyinə görə əxlaq polisi tərəfindən həbs edilən gənc qadının öldürülməsi səbəbi ilə başlayan geniş etirazlarda ölən yüzlərlə insan arasında ən azı 23 uşaq da var.