Vaxt.Az

Türk Respublikaları Birliyi reallığı


 

... və ya “Turan” məsələsinə ciddi baxış

Türk Respublikaları Birliyi reallığı Son zamanlar cəmiyyətdə, mediada, sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Türk Respublikaları arasında əlaqələrin sıxlaşması, bunun perspektivləridir. Amma, təəssüf ki, bu məsələnin də müzakirəsi iki uc nöqtədə gedir, bir tərəfdə “Turan” deyib pafosla danışıb artıq yeni vahid dövlət “quranlar”, digər tərəfdə isə hər ciddi məsələdə olduğu kimi, bu müzakirəni də zarafata çevirənlər – hər iki uc nöqtədə olanlar məsələnin keyfiyyətli müzakirəsinə mane olurlar.

Gəlin əvvəlcə rəqəmlərin dili ilə məsələnin şəklini çəkməyə çalışaq (qeyd, rəqəmlər 2021-ci ilə aiddir): Türkiyə: Əhali 84 milyon, ərazi 783 562 км², ÜDM 810 milyard dollar, Azərbaycan: Əhali 10,1 milyon, ərazi 86600 км², ÜDM 54,6 milyard dollar, Qazaxıstan: Əhali 19,1 milyon, ərazi 2724900 km², ÜDM 202,9 milyard dollar, Türkmənistan: Əhali 6,1 milyon, ərazi 488100 км², ÜDM 40,8 milyard dollar, Özbəkistan: Əhali 36,9 milyon, ərazi 448978 km², ÜDM 69,2 milyard dollar, Qırğızıstan: Əhali 6,5 milyon, ərazi 199 951 км² , ÜDM 29,5 milyard dollar. 

Ümumiləşdirsək Türk Respublikaları Birliyinə daxil olan ölkələrin ümumi ərazisi 4 milyon 731 min 213 kvadrat km, əhalisi 162 milyon 700 min nəfər, ÜDM-i isə 1 trilyon 207 milyard dollardır – çox böyük ərazi, böyük bazardır, bunun üzərinə ölkələrin təbii resurslarını, əlverişli coğrafi mövqelərini də gəlsək, dünya geosiyasəti və iqtisadiyyatında mühüm rol oynamaq üçün bütün perspektivləri olan birlikdir. 

Bəzi insanlar bu birliyin etnik mənsubiyyət və bir kökdən gələn dil üzərinə qurulması cəhdini rişxəndlə, köhnəlik qalığı kimi qarşılayırlar. Dostlar, bütün dünyada 19-cu və 20-ci əsr ideologiyalar savaşında, ideoloji düşüncə tərzinin formalaşmasında keçəndə Türkiyə xaric digər bu gün mövcud olan Türk Respublikaları əvvəl Rus imperiyasının, sonra da Rusiya imperiyasının davamı və cild dəyişən varisi olan SSRİ-nin tərkibində olduqları üçün dünyada gedən proseslərdən kənarda qaldılar. Bu gün Türk Respublikalarında oturuşmuş ideologiyalar, məsələn, “sol”, “sağ”, “liberal”, “millətçi” cərəyanlar olsaydı, ölkələr arasında solçuların, sağçıların, liberalların, millətçilərin öz birlikləri, təməl prinsiplər üzərində inşa edilən əlaqələri olardı. Bütün bunlar yoxdur, sən Türkmənistanda, və ya Özbəkistanda haradan liberal tapasan ki, onlarla iş birliyi qurasan?! Və ya, Qazaxıstan solçuları ilə Azərbaycan solçularının ideoloji birliyini necə qurmaq olar ki, onların zatən yox qədər sayları var?! Deməli ilkin mərhələdə əlaqələrin mədəni, dil, etnik kimlik hekayələri üzərindən qurulması təbiidir, bunun alternativi bir tək dini kimlik üzərindən ola bilər ki, bu da daha ziyanlı nəticələr doğura bilər, amma din komponenti əlaqələrin yalnız tərkib hissəsi kimi önəmli ola bilər. 

Daha bir məsələ odur ki, dil hekayəsi üzərindən qurulub fəaliyyət göstərən formatlar var, məsələn, fransız dili üzərində inşa edilmiş “Frankofoniya” (l’Organisation İnternationale de la Francophonie (OİF)) təşkilatı var – onlar bundan utanırlarmı?! Təbii ki, yox, əksinə, bu komponenti “yumşaq güc” sayırlar. Bu qurum 54 ölkəni özündə birləşdirir, görün iş nə yerdədir ki, Ermənistan da bu qurumun üzvüdür, hətta 2018-ci ildə OİF-in sammiti İrəvanda keçirilmişdi. Təşkilatın Fransızdilli Parlament Assambleyası (APF), Fransızdilli ölkələrin Universitetlər birliyi (AUF), öz televiziya şəbəkəsi  (TV5Monde), Fransızdilli şəhərlərin Merlər Birliyi (AIMF) var – və heç kəs də bu işi zarafata çevirmir, əksinə, ciddi şəkildə təşkilat institutlaşır. 

Türk Respublikaları Birliyinin zəif damarlarından biri demokratik institutların olmamasıdır – Türkiyə xaric (qardaş ölkədə də bu sahədə problemlər var) heç birində seçki institutları, şəhər Mer seçkiləri, söz və ifadə azadlığı formalaşmayıb, ənənələr halına gəlməyib. Bəli, bu ciddi maneədir, amma qolları çırmalayıb iş görmək üçün maneə deyil. Əksinə, format dərinləşdikcə, iqtisadi, mədəni, siyasi, hərbi əlaqələr genişləndikcə Respublikaların demokratikləşməsi üçün də fürsətlər açılacaq – çünki, biznes, yatırım, investisiyalar bəlli oyun qaydaları istəyir, ən azından, müstəqil məhkəmələrin olmasını labüd edir, müstəqil məhkəmələrin formalaşması isə hüquqi dövlətin digər artibutlarının yaranıb-möhkəmlənməsinə səbəb olacaq.

Digər zəif damar isə Rusiya faktorudur, Moskvanın dominantlığıdır – amma, dostlar, bütün dünya Rusiyanın zəifləməsi dönəminə hazırlaşır, məhz elə Türk Respublikaları Birliyinin iqtisadi, sosial, siyasi və hərbi institutlaşması Rusiya faktorunun zəifləməsinə səbəb olacaq da, bunu nədən dəyərləndirməyək?! Türk Respublikaları Birliyinin institutlaşıb əlaqələrin daha da sıxlaşması Şimal təhlükəsinin azaldılması üçün çox önəmlidir. 

Beləliklə, bu məsələnin ciddi müzakirəsinə, Türk Respublikaları Birliyinin institutlaşmasına acil ehtiyac var – belə bir birlik iqtisadi və siyasi olaraq ölkə xalqlarına ancaq böyük dividentlər gətirə, bölgəni fraqmentallaşan dünya siyasətinin mərkəzlərindən birinə çevirə bilər. Ona görə də, mırtı, zarafatı bir kənara qoyub ciddi düşünüb-işləmək, gələcəyi bu gündən başlayaraq inşa etmək lazımdır...

 





16.10.2022    çap et  çap et