Məsuliyyətlərin az, azadlıqların çox olduğu zona kimisinə görə səfillikdədir, kimisinə görə zənginlikdə. Nitsşe xristianlığı söyürdü ki, insanlığı köləliyə yoluxdurur. Əslində, hər bir din zəifi, acı, yoxsulu ilahi varlığın əziz-giramisi elan edərək onun üçün metafizik bir komfort zona yaradır. Bu zonada hazır xəyallar var, şəxsi təxəyyülü zora salmağa ehtiyac yoxdur. Bu dünyanın cəhənnəmi zəifin, yetimin komfort zonasıdır, çünki inancı onu şəxsi məsuliyyətdən azad edib, azadlığını isə mükafat olaraq alacaq.
Komfort zonaya verilən təriflərdən birində deyilir: Komfort zona insan üçün rahatlıq və təhlükəsizlik duyğusu bəxş edən psixoloji sahədir. Komfort zonasında, adətən, öyrəşdiyimiz hadisələr baş verir ki, bu da şüurumuzu rahatlığa qovuşdurur. Bu zona ruhumuzun elə bir halıdır ki, bizdə ancaq adət etdiyimiz şablon fikir və davranışlar üzrə hərəkət etmək vərdişi yaradır.
Kim bu yuxarıda deyilənləri harada əldə edirsə, oranı özünün komfort zonasına çevirir. Səfilin zənginə, zənginin səfilə nifrəti, əslində, onların komfort zona anlayışlarının fərqliliyindən doğur. Səfil səfili sevir, zəngin zəngini. Çünki bir-birilərinin komfort zonalarına rahat girib-çıxa bilirlər. Çünki onları bir-birilərinin komfort zonalarında öyrəşdikləri və vərdiş etdikləri şablonlar gözləyir.
Məsələn, müstəqillik dövründə Azərbaycan yazarları baş verən tarixi proseslərin nəticəsində səfilliyə, xalq yazıçısı Elçinin sözü ilə desək, lümpenliyə urcah oldular. Və buradan çıxmaq üçün nəinki mübarizə apardılar, əksinə, öz səfilliklərini, sərgərdanlıqlarını tezliklə özlərinin komfort zonalarına çevirdilər. Bunu ənənə şəklinə saldılar. Çünki bu ədəbi səfillikdə məsuliyyət az, azadlıq çox idi. Onlar (içi özüm qarışıq) burada rahat və təhlükəsiz mühit tapdılar, öyrəşdikləri hadisələrdən, vərdiş etdikləri şablonlardan həzz aldılar. Bu komfort zonasını tərk edənləri lənətlədilər. Buraya yeni gələnləri alqışladılar. Nəticəsi nə oldu?
Eyni komfort zonasını paylaşmaq mövzuları, üslubları, yanaşmaları eyniləşdirdi. Bütün çağdaş ədəbi mühit “vahid imza” üçün əlləşdi. Nəinki mətnlər, müəlliflər də bir-birinə oxşamağa, bir-birini təkrar etməyə başladı. Təəssüf ki, yeni ədəbi nəsil də bu komfort zonanın məsuliyyəti az, azadlığı çox olan səfil görüntüsünə aldandı. Çünki yazıya, müəllifə “qiymət qoyan” ədəbi bayquşlar bu zonada ulayırdı. Yenilərin fəlakəti də bundan sonra başladı; çünki onlar başqalarının komfort zonasını daxil olmuşdular və bu komfort zonada hər şey tükənmişdi. Səfillik öz yerini intiharlara və dedi-qodulara buraxmışdı.