15 oktyabr günorta saatlarından İranın onlarla şəhərində başlayan geniş etiraz aksiyaları zamanı hökumət qüvvələri ilə nümayişçilər arasında şiddətli qarşıdurmalar baş verib.
Əli Xameneyinin çıxışından sonra aksiyaların səngidiyini iddia edən bəzi hökumət rəsmiləri belə nümayişlərin şiddətləndiyini etiraf etməyə məcbur olublar.
15 oktyabrda Ərdəbil, Kirmanşah, Tehran, Rəşt, Urmu, Sənəndəc, Amol, İsfahan və başqa şəhərlərdə yenidən qızışan etiraz mitinqləri Ərdəbildə yayqınlığı və hökumət məmurlarına qarşı dirənişi ilə diqqət cəlb edib.
Şəhərin Şəriyəti küçəsindən başlayan etiraz aksiyası qısa müddətdə başqa küçələrə yayılıb, Yəhyəvi küçəsində SEPAH-a bağlı Bəsic qüvvələrinin binası yandırılıb.
Şəhərdə nümayişlərin geniş vüsət aldığını görən hökumət Təbriz, Meşkin və başqa şəhərlərdən Ərdəbil əlavə qüvvələr cəlb edib.
Günorta saatlarında Təbriz səmasında uçuşan hərbi helikopterlərin Ərdəbil şəhərinə xüsusi təyinatlı qüvvələr daşıdığı bəlli olub.
Şəhərdə Əli Xameneyi, Ruhullah Xomeyni və Qasım Süleymaniyə aid olan baner, poster və lövhələr yandırılıb və dağıdılıb.
Fəallar ilkin məlumatlara görə ən azı 50 nəfərin həbs edildiyini, çox sayda insanın yaralandığını bildirirlər.
Hal-hazırda havanın qaralması ilə şəhərlərdə nümayişlərin yenidən genişləndiyi barədə yeni məlumatlar yayılır.