Rusiya özünün malik olduğu raketlərin böyük bir hissəsini artıq istifadə edib. Çoxsaylı məlumatlara görə, Rusiyanın əlində müharibədən öncə malik olduğu raketlərin cəmi 25 faizi qalıb. Moskvada qorxurlar ki, silah-sursatın tükənməsi imperiyanın cənub və şərq sərhədləri üçün təhlükə yaradacaq. Buna görə də İrandan raketlər də almaqla malik olduqları silah-sursatı qorumağa çalışır.
Rusiya imperiyasının varlığını İranın mövcudluğunu qorumasının əsas şərti olduğunu Tehranda anlayırlar. Rusiya imperiyasının dağılacağı halda parçalanmaq növbəsinin İrana çatacağı şübhəsizdir. Buna görə də İran Rusiyanı tam dəstəkləməyə başlayıb. İranın teokratik rejimi beynəlxalq ictimaiyyətin cəzasından qorxduğu üçün Rusiyaya etdiyi yardımları inkar etməyə çalışır.
İranın xarici işlər naziri bu məlumatları təkzib edərək Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya heç bir silah vermədiklərini və verməyəcəklərini iddia etməkdən çəkməsə də, Rusiyanın İran PUA-larından fəal istifadə etdiyi artıq təsdiqini tapıb.
İran Rusiyanı Ukraynaya qarşı silahlandırmaqla terrorçuluğu himayə etdiyini bir daha sübut etdi. Ölkə daxilində azadlıq uğrunda mübarizəyə qalxan insanlara divan tutan İran rejiminin Rusiyaya dəstəyi cavabsız qalmamalıdır. Beynəlxalq ictimaiyyət öz vətəndaşlarına divan tutan və Rusiyanın terrorçu müharibəsinə dəstək verən İran rejimini sərt şəkildə cəzalandırmalıdır.
İsrailin diaspor işləri üzrə naziri Naxman Şayla İranın Rusiyaya PUA və ballistik raketlər verməsinə cavab olaraq Ukraynaya hərbi yardım göstərməyi təklif edib. Nazir Naxman Şaylanın bu mövqeyi alqışa layiqdir, amma yetərli deyil. Beynəlxalq ictimaiyyət Ukraynanı Rusiya-İran cütlüyü qarşısında daha fəal dəstəkləməklə yanaşı, İran rejimini cəzalandırmağın yollarını tapmalıdır. Bu istiqamətdə atılacaq addımlardan biri İranın şimalın uçuşa yasaq bölgə elan edilməsi olmalıdır. Çünki, İran bu bölgədə azadlıq, ədalət və milli hökumət tələbləri ilə ayağa qalxan Azərbaycan türklərinə qarşı qətliamlar törədir.