Vaxt.Az

“Sülhlə alınmasa güc yolu tətbiq ediləcək”


 

Tsinpin “hegemoniya” və “soyuq müharibə” ifadələri ilə kimi işarə edir?

“Sülhlə alınmasa güc yolu tətbiq ediləcək” Çin Kommunist Partiyasının 20-ci qurultayı oktyabrın 16-da Pekində öz işinə başlayıb. 5 ildən bir keçirilən bu qurultayda hazırkı sədr Si Tsinpinin 3-cü dəfə partiya sədri seçiləcəyi əvvəlcədən məlum idi. Si Tsinpin qurultayda çıxış edərək partiya və ölkəsi qarşısında dayanan çağırışlardan danışıb. Onun çıxışındakı əsas mövzulardan biri Tayvan olub.

Si Tsinpinin sözlərinə görə, Çin milli və təhlükəsizlik maraqlarını qorumaq bacarığına malikdir: “Əsas hədəfimiz Tayvanı sülh şəraitində ölkəmizə birləşdirməkdir. Ancaq bu alınmasa güc yolunun tətbiqindən də imtina etmirik.  Tayvanın müstəqilliyini qəbul etmirik, separatçılığa qarşı mübarizəmiz davam edir. Separatçılara və Tayvanın müstəqilliyinə dəstək verən qüvvələrin təxribatına qarşı mübarizəmizi davam etdirəcəyik”.

Si Tsinpin “güc yolu” dedikdə Tayvanı Çinin materik hissəsinə birləşdirmək üçün bütün mümkün imkanlardan istifadə edəcəyini bildirib: “Tayvanın müstəqilliyinə imkan verməyəcəyik. Ancaq bu o demək deyil Tayvanda yaşayan əhali zərər görəcək”.

Si Tsinpin Çinin sülhpərvər müstəqil xarici siyasətini davam etdirəcəyini vurğulayıb: “Çinin xarici siyasəti beynəlxalq aləmdə sülhə, ədalətə və əməkdaşlığa xidmət edir. Biz hansısa dövlətin hegemoniyasının əleyhinəyik. Çin beynəlxalq əlaqələrdə yeniliyə üstünlük verir və qlobal idarəetmənin islah olunmasına çalışır. Çin hegemoniyaya çalışmır və sərhədlərini genişləndirmək istəmir. Çin “soyuq müharibə” dövrünün düşüncəsini qəbul etmir, başqa dövlətlərin daxili işlərinə qarışmır və ikili standartlara qarşı çıxır”.

Si Tsinpinin çıxışının bu və Tayvanla bağlı hissəsi Amerika Birləşmiş Ştatlarına aiddir. Çünki Tayvanı məhz Vaşinqton dəstəkləyir. Digər tərəfdən Si Tsinpin “hegemoniya” və “soyuq müharibə” ifadələrini işlətdikdə Vaşinqtonu nəzərdə tutub. 

Si Tsinpinin qurultaydakı çıxışından o da aydındır ki, Pekin Tayvanı nə yolla olursa-olsun Çinə birləşdirməyə çalışacaq. Bu sülh yoluyla alınmayacaq. Demək Pekin güc variantını nəzərdən keçirəcək. Ancaq bu Pekinin Vaşinqtonla qarşıdurmasına gətirib çıxaracaq.

Bu arada, məşhur amerikalı biznesmen İlon Mask Tayvan adasının Honkonq nümunəsində Çinə birləşdirilməsini təklif edib. Mask hesab edir ki, Tayvan uğrunda mübarizə dünyaya baha başa gələcək. Maskın narahatlığı həm də biznesiylə əlaqəlidir. Maskın Şanxayda “Tesla” zavodu var və bu müəssisə böyük gəlir gətirir.  Biznesmen bunu itirmək istəmir.

 





17.10.2022    çap et  çap et