Vaxt.Az

Düşmənin həmlə planı


 

Ermənistan Parisin tapşırığı ilə hücum hazırlığına başladı?

Düşmənin həmlə planı “Ermənistanın növbəti dəfə sərhədlərdə - Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində təxribatlar törədə biləcəyini bir neçə gün əvvəl qeyd etmişdim və görünən odur ki, Ermənistan tərəfi hələ də Azərbaycan ərazilərinə qarşı iddialarından əl çəkmək istəmir. Bu məqsədlə də Azərbaycan ərazilərində qoşun toplanılması bizə qarşı revanşist və ərazi iddialarının mövcud olduğunu bir daha təsdiqləyir”. Bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Ordumuz Ermənistan silahlı qüvvələrinin təhdidlərini aradan qaldırmaq üçün təsirli cavab tədbirləri görə bilər:

“Ermənistanın Azərbaycan Ordusunun mövqeləri istiqamətinə və delimitasiya olunmamış sərhəd zonasında kifayət qədər ağır texnika toplaması bizim həmin ərazilərdə xidmət aparan ordumuzun şəxsi heyətinə qarşı birbaşa təhdid yaradır. Belə təhdidlərin gələcəkdə daha da geniş miqyas almaması üçün ordumuz bu təhdidlərin ən qısa müddətdə aradan qaldırılması üçün adekvat və təsirli cavab tədbirləri görəcəyini də ehtimal edirəm.

Görünən odur ki, Fransa və İran tərəfindən səslənən və heç bir əsası olmayan absurd bəyanatlar Ermənistandakı mövcud olan revanşist qüvvələri bir qədər cəsarətləndirib və nəticədə onlar hazırkı fəaliyyətləri ilə bölgədə mövcud olan kövrək atəşkəs rejimini aktiv əməliyyatlar fazasına keçirmək niyyətindədirlər.

Bütün bunlara görə məsuliyyət tamamilə Ermənistanın və onu dəstəkləyən qüvvələrin üzərinə düşür. Nəticə etibarı ilə biz real imkan və potensialına bələd olduğumuz üçün yaxın zamanda baş verə biləcək toqquşmalarda Ermənistan ordusunun növbəti dəfə ciddi hərbi texnika və canlı qüvvə itkisinin olacağını istisna etmirik”. (Milli.az)

 





17.10.2022    çap et  çap et