Vaxt.Az

«Sovetski»dəki sükutun sirri


 

Hökumət ciddi etirazlar səbəbindən gözləmə mövqeyi tutub

«Sovetski»dəki sükutun sirri «Kim qalmaq istəyirsə, qalsın». Bu, baş nazirin müavini Abid Şərifovun «Sovetski» məhəlləsinin plana düşməsi haqda son çıxışından sitatdır. A.Şərifov prezidentin tapşırığına istinad edir: «Cənab prezidentimizin mənə verdiyi tapşırığı vətəndaşlarımızın nəzərinə çatdırdım ki, heç bir vətəndaş zorla evindən çıxarıla bilməz». («Yeni Müsavat»)

A.Şərifovun timsalında əslində hökumət «Sovetski»yə qarşı loyallaşmasını nümayiş etdirib. Hökumət, bu məhəllədə yaşayanların keçirdiyi təşkilatlanmış mitinqin qabağında irəliyə addım atmaq istəmədi. Vəziyyətin daha da dramatik şəkil almasından çəkinərək, Təşkilat Komitəsi ilə danışıqlara üstünlük verildi.

Bakı meri Hacıbala Abutalıbov, Yasamalın icra başçısı İbrahim Mehdiyev, baş nazirin müavini və Maliyyə Nazirliyinin nümayəndələri davamlı olaraq sakinlərlə görüşlərə başladı. Bu da ondan xəbər verir ki, hökumət növbəti mitinqlərin daha izdihamlı baş tutacağından ehtiyat edib, kütləvi söküntülərin üsyanla nəticələnəcəyindən narahat olub.

Odur ki, evlərin hissə-hissə sökülməsi xətti seçilib və hakimiyyət heç bir vətəndaşı üstünə qaldırmaq istəmir. Hazırda bu siyasət davam etməkdədir və təklif olunan kompensasiya ilə razılaşanlar mənzillərini tərk edirlər.

Son günlər «Sovetski»dəki sakitliyin və hərəkətsizliyin əsas səbəbi də hökumətin yumşalma kursunu götürməsidir. Etirazların geniş miqyas alması heç də indiki situasiyada hakimiyyətə sərf etmir. Ancaq «Sovetski»nin böyük əksəriyyəti mənzilin kvadratına 1500 manat verilməsi ilə barışmayıb.

Hüquq müdafiəçisi, QHT-lərin Tarix, Mədəni və Təbii İrsi Qoruma Şəbəkəsinin koordinatoru Aytəkin İmranovanın sözlərinə görə, bu məsələdə qeyri-müəyyənlik var və hər iki tərəf gözləmə mövqeyində dayanıb.

A.İmranova bilirdi ki, kortəbii iş aparılır və hələ Bakının Baş Planı işə düşməyib: «Hələlik 2 illik plan təsdiqlənməyib. Ortada heç bir rəsmi sənəd yoxdur və aşağı səviyyədə iş aparılır. Abid Şərifov özü deyib ki, dövlət ehtiyacı üçün bu ərazi sökülmür.

Dövlət ehtiyacı deyilsə, onda niyə ortaya düşüblər? Gündə efirə bir plan çıxarılır, guya italyan şirkət gəlib bu massivdə park tikəcək. Yəni hələlik öz fəaliyyətdir».

A.İmranova qeyd etdi ki, hökumət düşünür, əhali gözləyir: «Böyük bir çaşqınlıq var. Camaat da aksiya keçirmir. Aksiya keçirsə, fikirləşəcəklər əhali köçməyə tələsir. Ona görə oturublar evlərində. Ümumiyyətlə, kortəbii iş gedir və sakitliyin səbəbi də hər iki tərəfin gözləmə mövqeyində dayanmasıdır.

Xatırladaq ki, «Sovetski» camaatı 2 dəfə mitinq keçirib və evlərinin sökülməsinə görə ödəniləcək təzminatın dəyərinə etiraz edib. İkinci aksiyada saxlananlar və inzibati həbs cəzası alanlar olub. Hökumət isə təzminatın məbləğinin dəyişməyəcəyini açıqlayıb.

 





29.03.2014    çap et  çap et