Ukrayna rəsmiləri Rusiyanın İran istehsalı olan “Şahed” dronlarından kamikadze hücumları həyata keçirmək üçün istifadə etdiyini və bu pilotsuz təyyarənin hədəfə qəsdən çırpıldığını bildirib.
“Düşmən bütün gecə və səhər dinc əhalini dəhşətə gətirib. Pilotsuz kamikadze təyyarələri və raketləri bütün Ukraynaya hücum edir. Düşmən şəhərlərimizə hücum edə bilər, lakin bizi sındıra bilməyəcək” , Prezident Vladimir Zelenski “Telegram” hesabında deyib.
Kiyev meri Vitali Kliçkonun bildirdiyinə görə, dağılan ərazilər arasında keçən həftə Rusiya raketlərinin ölkəyə genişmiqyaslı hava hücumları zamanı vurulduğu mərkəzi Şevçenko rayonu da var.
Kliçko bildirib ki, bazar ertəsi baş verən hücum zamanı azı 3 nəfər həlak olub, bir neçə yaşayış binasına ziyan dəyib və qeyri-yaşayış binasında yanğın baş verib. O, xilasedicilərin 18 nəfəri yaşayış binasının dağıntıları altından çıxardığını, iki nəfərin isə hələ də dağıntılar altında ilişib qaldığını bildirib.
Zelenski ofisinin rəhbəri Andrey Yermak deyib ki, Ukraynanın daha çox və tez bir zamanda hava hücumundan müdafiə sisteminə ehtiyacı var.
Yermak “Twitter” hesabında “Səmanı müdafiə etmək və düşməni məhv etmək üçün daha çox silah gərəkdir” yazıb.
ABŞ-ın Kiyevdəki səfirliyi bazar ertəsi mülki şəxslərə qarşı həyata keçirilən hücumları “çarəsizlik və qınanılmalı” adlandırıb.
“Biz Ukrayna xalqının gücünə və mətanətinə heyranıq. Nə qədər gərəkdirsə, biz sizinlə birlikdə olacağıq”, – səfirlik “Twitter” səhifəsində yazıb.
Keçən həftə baş verən hücumlar Kiyevdə uzun müddət davam edən nisbi sakitliyi pozub.
Rusiya Prezidenti Vladimir Putin bu və başqa yerlərə endirilən zərbələrin Krımı Rusiya ilə birləşdirən əsas körpüyə edilən hücuma cavab olduğunu deyib.