“Rusiyaya qarşı yeni hücum başlayıb. Bu gün Aİ müşahidəçilərinin Ermənistanla Azərbaycan sərhədində yerləşdirilməsi başlanıb. O qədər təcilidir ki, onları bu gün Gürcüstandan göndərirlər. Aydındır ki, bu müşahidəçilərin demək olar hamısı NATO hərbçiləri və xüsusi xidmət üzvləridir. Məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq, o cümlədən rusiyalı sülhməramlıları və Gümrüdən Rusiya hərbi bazasını qovmaqdır”, - o yazıb.
S.Markov hesab edir ki, bu, Paşinyanla Makronun ortaq planıdır.
“Bütün müşahidəçilər yalnız Ermənistan ərazisində olacaq. Rusiya istərdi ki, orada KTMT müşahidəçiləri də yerləşdirilsin, amma Ermənistan bu qərarı bloklayıb. Bununla bağlı Lavrovun erməni həmkarı ilə kəskin və ictimai mübahisəsi də olub”, – rusiyalı politoloq əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqının 27 üzv ölkəsinin XİN rəhbərləri Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini razılaşdırıb.
Qeyd olunur ki, missiyanın çevik şəkildə işə başlamasını təmin etmək üçün monitorinq ekspertlərinin müvəqqəti olaraq Gürcüstandakı Aİ Müşahidəçilər Missiyasının tərkibindən göndərilməsi qərara alınıb. Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox davam etməyəcək.
Xatırladaq ki, missiyanın sərhəddə yerləşdirilməsi məsələsi oktyabrın 7-də Azərbaycan, Fransa prezidentləri, Aİ Şurasının sədri və Ermənistan baş nazirinin dördtərəfli görüşü zamanı müzakirə olunub.
Aİ və Fransa Azərbaycan ərazisində monitorinq keçirəcək missiya yaratmağa çalışsalar da, Azərbaycan bu fikrə qarşı çıxıb və bundan sonra missiyanın yalnız Ermənistan ərazisində fəaliyyət göstərməsi razılaşdırılıb. (Trend.az)