Vaxt.Az

Lars yolu bağlana bilərmi?


 

Bu Azərbaycan üçün su içmək kimi bir şeydir

Lars yolu bağlana bilərmi? Ermənistan deyir ki, Azərbaycan hərbçiləri öncə öz aralarında atışırlar və belə bir təəssürat yaradırlar ki, Ermənistan tərəfi atəş açır. Yalnız belə bir təəssürat yarandıqdan sonra Ermənistana aid hərbi postlar Azərbaycan Ordusu tərəfindən atəşə tutulur...

Bu isə o deməkdir ki, Qərb təmas xəttində baş verənlərlə maraqlanır. Yoxsa belə bir təəssürat yaratmağa ehtiyac olmaz ki...

Ermənistan tərəfi əvvəl demişdi ki, bəli, biz sərhədə hərbi texnika cəmləyirik. Ancaq bu, sadəcə Azərbaycan hərbçilərinin təmas xəttinə hərbi texnika yığmasına cavabdır. Azərbaycan hərbi texnikanı geri çəksə, biz də çəkəcəyik...

Bu tərəfdən də Nikol Paşinyan Azərbaycana Naxçıvanla quru əlaqəsi əldə etmək üçün 3 variant təklif edir. Və deyir ki, Azərbaycandan pozitiv cavab gözləyirik. Bu təklif isə mahiyyətdə Ermənistanın Zəngəzur dəhlizindən imtinasına bəraət qazandırmaq cəhdidir. Təbii ki, nə Azərbaycan, nə də Türkiyə bununla razılaşmaq fikrində deyil...

Ortaya belə bir sual çıxır. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməsə, Azərbaycan və Türkiyə nə etməlidir? Təbii ki, bu suala emosional deyil, rasional cavab verilməlidir.

Azərbaycan və Türkiyə bəyan edir ki, Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizi də olmayacaq. Məncə, Azərbaycan və Türkiyə onu da bəyan etməlidir ki, Zəngəzur dəhlizi açılmasa, Ermənistanla heç bir kommunikasiya xətti açılmayacaq. Üstəlik, Qazax rayonunun işğal altında olan kəndlərindən keçən Lars yolu da qapadılacaq. Həmin yol Ermənistanı Gürcüstanla, Gürcüstan üzərindən isə Rusiya ilə birləşdirir və strateji xarakter daşıyır. Həmin kəndləri işğaldan azad etmək Azərbaycan üçün su içmək kimi bir şeydir. Və bu prosesə beynəlxalq müdaxilə də ola bilməz...

O da maraqlıdır ki, Ermənistan nədən Zəngəzur dəhlizinin açılmasına bu qədər müqavimət göstərir? Zəngəzur dəhlizinin açılmasının qarşılığında Ermənistanın Azərbaycandan (elə Türkiyədən də) istədiyi nəsə varmı? Varsa, nədir?

 





18.10.2022    çap et  çap et