Vaxt.Az

«Vəziyyət Azərbaycan üçün çox ağırdır»


 

«Ermənilər öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük beynəlxalq böhranlar gözləyirlər»

«Vəziyyət Azərbaycan üçün çox ağırdır» Azərbaycanın ətrafında və daxilində cərəyan edən proseslər, bir sıra aktual mövzularla bağlı EL hərəkatının sədri Eldar Namazov «Yeni Müsavat»ın suallarını cavablandırıb. Müsahibədə Eldar Namazov maraqlı və indiyə qədər heç vaxt açıqlamadığı məsələlərdən danışıb.

- Eldar bəy, Rusiyanın Ukrayna ərazisini işğal etməsindən sonra pəncələrini digər sovet respublikalarına da uzadacağı barədə proqnozlar irəli sürülür. Azərbaycanın da daim şimal qonşusunun əsas hədəfindəki ölkələrdən biri olduğunu nəzərə alsaq, Rusiyanın aqressivləşməsi ölkəmizə hansı təhlükə vəd edir?

- Ukraynanın, Krımın ətrafında baş verən hadisələr demək olar ki, ötən əsrin ikinci yarısından - II Dünya müharibəsindən sonra təqribən 20-30 ilin ərzində formalaşmış beynəlxalq münasibətlər və beynəlxalq təhlükəsizlik sisteminə öldürücü zərbə vurub. Demək olar ki, bütün əsas beynəlxalq təşkilatların fəaliyyəti həm indi, həm də gələcəkdə sual altındadır. Bu, BMT-yə də aiddir. Ona görə ki, BMT-nin Təhlükəsizlik Şurasının veto hüquqlu bir üzvü dünyaya meydan oxuyur, qonşu ölkələrin ərazilərini işğal edir. Veto hüququna malik olduğuna görə BMT-nin fəaliyyəti demək olar ki, iflic vəziyyətdədir. ATƏT-də də veto hüququ qaydası mövcuddur. Ona görə də ATƏT-in də hazırkı durumda vəziyyətə nəinki ciddi müdaxilə etmək, hətta regiona öz müşahidəçilərini göndərmək imkanı əlindən alınmışdı. Yalnız Krım işğal olunandan sonra Rusiya öz veto hüququnu geri götürdü və Ukraynanın qalan ərazisinə ATƏT-in müşahidəçi missiyalarını göndərmək mümkün oldu. Xüsusi qeyd eləmək lazımdır ki, ümumiyyətlə, II Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər və beynəlxalq təhlükəsizlik sistemləri onsuz da çoxdan çat vermişdi.

Bu, ilk dəfə deyildi belə bir hadisə ilə üz-üzə qalırıq. BMT Təhlükəsizlik Şurasının onlarla sayda qətnamələri var ki, icra olunmamış qalır. Elə Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Ancaq bu qətnamələri Ermənistan yerinə yetirmir və Ermənistanın da arxasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya dayandığı üçün bu qətnamələrin də icrası iflic vəziyyətdədir. Nəhayət, II Dünya müharibəsindən sonra güclərin balansı da xeyli dəyişmişdi. Xüsusən SSRİ dağılandan sonra xeyli dəyişmişdi. Ona görə də kifayət qədər böyük nüfuza malik ölkələr var ki, onlar da BMT-də islahatların keçirilməsini tələb ediblər. Həm BMT-də, həm ATƏT-də veto hüququnu artıq sual altına alırlar və ləğv olunması məsələsini qaldırırlar. Ona görə bu tələb irəli sürülür ki, bir ölkənin vetosu beynəlxalq qurumların işini iflic etməsin. NATO-ya qəbul məsələsində də çox ciddi müzakirələr gedirdi. Ona görə ki, son dövrlərdə artıq aydın idi ki, NATO-ya üzvlük məsələsini çox uzatmaq, bu quruma üzv olmaq istəyən ölkələrin qarşısında çoxpilləli şərtlər qoymaq siyasəti ona gətirib çıxardır ki, NATO-nun genişlənməsini istəməyən ölkələr, məsələn, Rusiya NATO-ya üzv olmaq istəyən qonşu ölkələrə qarşı hərbi və siyasi təzyiqlərə əl atır, onları parçalayır, ərazilərində separatizm ocaqları yaradır.

Beləliklə, demək olar ki, biz İkinci Dünya müharibəsindən sonra qurulmuş beynəlxalq münasibətlər və təhlükəsizlik sisteminin çökməsini müşahidə edirik. Yəqin ki, BMT, ATƏT, NATO və digər beynəlxalq qurumların daxilində islahatların aparılması və yeni şəraitə uyğunlaşdırılması prosesi qaçılmazdır. Bu proses isə həm xeyli vaxt aparacaq, həm ciddi müzakirələrə səbəb olacaq.

Konkret olaraq, Azərbaycana gəldikdə, Azərbaycan üçün də çox böyük təhlükələr mövcuddur. Adətən ermənilər öz məkrli niyyətlərini həyata keçirmək üçün mütləq böyük beynəlxalq böhranları gözləyirlər. Çar Rusiyası dağılanda Azərbaycanın tarixi ərazilərində Ermənistan Respublikası yaradıldı. SSRİ dağılanda ermənilər fürsətdən istifadə edib Rusiyanın dəstəyi ilə Azərbaycanın Qarabağ ərazilərini işğal etdilər. İndi yeni bir beynəlxalq böhran başlayan kimi Ermənistan birmənalı olaraq Rusiyanın addımlarını dəstəklədi. Başqa heç bir ölkə Krımın işğalını Ermənistan kimi birmənalı dəstəkləmədi. Bu, İrəvanın məkrli planının tərkib hissəsi hesab oluna bilər.

Ermənistan Dağlıq Qarabağda qondarma referendum keçirməklə bu ərazinin müstəqilliyini dünyaya tanıtmaq istəyir. Ona görə də mən hesab edirəm ki, yaranmış beynəlxalq böhranda bizi həm Qarabağ məsələsində çox ciddi təhlükələr gözləyə bilər, həm də ümumiyyətlə, Azərbaycanın müstəqil xarici siyasətinə qarşı təhlükələr ola bilər. Artıq gözləmək olar ki, Azərbaycanı da Gömrük İttifaqına məcburi daxil etmək üçün müxtəlif təzyiq mexanizmlərinə əl atıla bilər. Təzyiq vasitəsi kimi Qarabağ məsələsindən, şimal bölgəmizdə və ya cənuba hansısa separatçı hərəkətləri stimullaşdırmaqdan istifadə etməkləri istisna deyil. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı belə təhlükələr qat-qat artıb. Belə bir məqamda təbii ki, həm dövlət tərəfindən ciddi işlər görülməlidir. Eyni zamanda Azərbaycanın demokratik qüvvələrinin, vətəndaş cəmiyyətinin diqqəti artmalıdır. Mənim bu yaxınlarda Qərb ölkələrinin bir sıra böyük dövlətlərinin səfirləri ilə ünsiyyətim olub. Bu məsələlərlə bağlı müzakirə aparmışıq və ciddi narahatlıq hamıda var. Gələn ayın əvvəlində Avropaya səfərim olacaq. Sonra isə ABŞ-a səfərim nəzərdə tutulub. Bizim siyasətçilərlə, strateji və beynəlxalq tədqiqatlar üzrə aparıcı Qərb institutları ilə əməkdaşlığımız gücləndirilməlidir, yaranmış durum ciddi müzakirə edilməlidir.

 

- Xarici təzyiqlər və təhlükələr qarşısında istənilən ölkənin dirəniş göstərə bilməsini şərtləndirən amillərdən biri hakimiyyətlə cəmiyyət və müxalifətin həmrəyliyi, əməkdaşlığı, milli həmrəylik faktorudur. Azərbaycanda bu faktorlar qənaətbəxş hesab edilə bilərmi?

- Şübhə yoxdur ki, ölkənin daxili və xarici siyasəti bir vəhdət təşkil etməlidir. Daxili siyasət fundament rolunu oynayır. Daxili siyasətə uyğun da xarici siyasət qurulmalıdır. O ölkələrdə ki, daxili siyasətlə xarici siyasət uzlaşmır, orada sabitlik sual altında olur. Ona görə də Azərbaycanın son illərdə Qərblə siyasət sahəsində əməkdaşlığa yönəlik bəyanatları və şüarları mütləq gərək daxili siyasətdə də öz əksini tapaydı. Təəssüf ki, bu, belə olmadı. Daxili siyasətlə bağlı bir çox sahələrdə görürük ki, Azərbaycanda model daha çox Rusiya lehinə ildən-ilə yaxınlaşır. Xarici siyasətdə isə ABŞ-la, Avropa ilə, NATO ilə inteqrasiya barədə yüksək səviyyədə bəyanatlar verilir. Yaxşı olardı ki, daxili və xarici siyasət uzlaşan istiqamətdə getsin. Məhz belə olanda qeyd etdiyiniz amil yüksək səviyyədə təmin olunmuş olur.

Odur ki, bizim həm xarici siyasətimiz, həm daxili siyasətimiz vəhdət təşkil eləməlidir. İqtidar-müxalifət münasibətləri demokratiyaya əsaslanmalıdır. Ölkənin inkişafı ilə bağlı müxtəlif fikirlər ola bilər. Ancaq ümummilli məsələlərdə, xüsusən də indi Ukraynadan başlayan məlum hadisələr fonunda ümummilli məsələlərdə iqtidarla müxalifət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq olmalıdır. Ukrayna hadisələri göstərdi ki, Azərbaycan hansısa okeanın ortasında bir ada deyil ki, heç kimi tanımadan, heç kimi dinləmədən yaşasın. Ukraynanın əksər məsələlərdə potensialı Azərbaycandan on dəfələrlə çoxdur. Ukrayna məlum vəziyyətlə qarşılaşırsa, deməli, Azərbaycan təhlükələrin qarşısını almaq üçün xarici və daxili siyasətini ciddi şəkildə uzlaşdırmalıdır və hansısa etibarlı beynəlxalq təhlükəsizlik sisteminin üzvü olmalıdır. Bu, çox ciddi məsələdir.

 

- Sizcə, Ermənistan və ya separatçı Dağlıq Qarabağ rejimi Rusiyaya «DQR»i tanımaq üçün, yaxud da Dağlıq Qarabağa Rusiya hərbi qüvvələrinin göndərilməsi üçün rəsmi müraciət etsə, Kremldən müraciətə müsbət cavab verilməsi təhlükəsi varmı?

- Beynəlxalq siyasət məsələləri ilə məşğul olan və ya bu yöndə təcrübəsi olan adamlar bilirlər ki, təhlükə hətta 10 faiz, 20 faiz olanda da onu nəzərə almaq və sıfıra endirməyə çalışmaq lazımdır ki, böyüməsin, reallaşmasın. Bu mənada siz dediyiniz məsələlərdə Azərbaycan üçün çox ciddi təhlükələr var. Bu təhlükələrin həyata keçməsi ehtimalı bu gün 20 faizdirsə, artıq böyük təhlükədir, real təhlükədir. Nəzərə alın ki, burada Rusiyanın maraqları bir neçə istiqamətdə ermənilərin maraqları ilə üst-üstə düşə bilər. Beynəlxalq birliyin, Qərbin Krımdan diqqətini yayındırmaq üçün başqa bölgələrdə də analoji hadisələrin baş verməsi Moskvanın marağındadır. Bu, Dnestryanı bölgə də ola bilər, Dağlıq Qarabağ bölgəsi də. Düzdür, bu təhlükəni beynəlxalq qurumlar da nəzərə alırlar. Son dövrlərdə aparıcı Qərb ölkələrinin səfirləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərimdə də bunu müşahidə etmişəm. Mən bilirəm ki, bu təhlükələrin qarşısını almaq üçün də pərdə arxasında ciddi səylər göstərilir.

Azərbaycan arxayın oturmamalıdır. Belə hallarda ən pis variantlara cəmiyyəti hazırlamaq lazımdır. Dövlət ən pis variantlara hazır olmalıdır. Yaxşı variant onsuz da xeyir gətirəcək. Özümüzü hazırlamalıyıq ki, Azərbaycan üçün ciddi təhlükələr var və bu təhlükələri dəf etmək istiqamətində addımlar ataq.

- Azərbaycan hakimiyyətinin daxilində son vaxtlar cərəyan edən proseslərə keçid etmək istəyirik. Mart ayında ən səs-küylü hadisə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun vəzifədən kənarlaşdırılması oldu. Mediada Elnur Aslanovun işdən çıxarılmasının səbəbi kimi onun Fətullah Gülənin Hizmət Hərəkatının Azərbaycan uzantısının əsas fiquru olması göstərildi. Qeyd olunur ki, iqtidar nurçuların hakimiyyət qollarında kök atmasından narahatlıq keçirdiyi üçün təmizləmə qərarı verib. Siz xeyli müddət Prezident Administrasiyasında mühüm vəzifədə çalışmısınız. Azərbaycan hakimiyyətində nurçular məsələsi yenidir, yoxsa sizin işlədiyiniz dövrdə də var idi? Hizmət Hərəkatı Azərbaycanda doğrudanmı hakimiyyəti narahat edəcək səviyyədə kök atıb, güclənib? 

(davamı gələn sayımızda)

 





28.03.2014    çap et  çap et