Vaxt.Az

Bakı maşın qəbiristanlığına çevrilir


 

Ölkəyə daha çox köhnə dizel avtomobilləri gətirilir

Bakı maşın qəbiristanlığına çevrilir Azərbaycan hər il təqribən 1 milyard dollar idxal avtomobilinə xərcləyir, 1,5 milyard dollar isə avtomobil yanacağına. 2022-ci ilin 9 ayında Azərbaycana 55 199 ədəd avtomobil gətirilib (azalma 15 faiz) və buna 744 milyon dollar vəsait xərclənib (orta idxal avtomobilinin dəyəri 13 min 478 dollar olub). 2021-ci ildə Azərbaycan 91 min 194 avtomobilin idxalına 935,2 milyon vəsait xərcləmişdi. 2020-ci ildə gətirilən avtomobillərin sayı isə 53 min 729 olmuşdu (interfax.az).

Maraqlısı nədir: ölkəyə bu müddətdə 301 elektrik və 8 999 ədəd hibrid avtomobil gətirilib. Sonunculara 105,4 milyon dollar vəsait xərclənib.

Yəni bu rəsmi məlumatlara görə cari ilin sonuna 3 ildə Azərbaycana 215 mindən çox avtomobil gətirilməsini proqnoz etmək olar.

Bu qədər idxal varsa, gələn maşınlar yanacaq da işlətməlidir. Artıq Ai-92 markalı benzini Azərbaycan mütəmadi idxal etməyə başlayıb, çünki artan daxili tələbatı özünün imkanları hesabına qarşılaya bilmir, neftayırma zavodunun modernizasiyası isə uzanır, ölkəyə daha çox köhnə dizel maşınlarının axını sürətlənib, bu isə paytaxtın ekologiyasını daha da ağırlaşdırır, yollarda sıxlıq və tıxac da yaradır, insanlarda əsəb xəstəlikləri də artıma gedəcək, qəzalarda xəsarət alanların sayı da artacaq (sadəcə monitorinq etmək kifayətdir bu tip xəbərləri.

Hökumət dilemma qarşısında qalıb: bir tərəfdən ölkəyə avtomobil idxalı külli miqdarda dövlət büdcəsinə gəlir gətirən maddəyə çevrilib və qeyri-neft sektorundan yığımların artımı kimi hökuməti fərəhləndirir, digər tərəfdən isə yuxarıda qeyd etdiyim problemlər və üstəgəl ictimai nəqliyyatın hərəkət edə bilməməsi, insanların bundan narazılığı…

Sonrası nə olacaq? İnkişaf etmiş ölkələrdə daxili yanma mühərrikli avtomobillər ucuzlaşdıqca Azərbaycanda onların idxalı artacaq, mövcud yol infrastrukturu bu artan saya çoxdan hesablanmadığından avtomobillərin idxalı və istismarı ilə bağlı vergilər də artırılacaq, parkinqlər indiki ortalama  1 manatdan bəlkə 4-5 dəfə çox bahalaşacaq və sair. Digər qabaqlayıcı addımlar atmayan hökumət özünə maşın bazarının tənzimlənməsinin administrativ maliyyə həllindən başqa yol qoymur…

 





18.10.2022    çap et  çap et