Vaxt.Az

«Hizmət hərəkatı təmsilçiləri bütün sahələrdə var»


 

«Nurçuların bir çox şəbəkələri Azərbaycanda qurulanda Ərdoğan hələ iqtidara gəlməmişdi»

«Hizmət hərəkatı təmsilçiləri bütün sahələrdə var» Azərbaycanın ətrafında və daxilində cərəyan edən proseslər, bir sıra aktual mövzularla bağlı EL hərəkatının sədri Eldar Namazov «Yeni Müsavat»ın suallarını cavablandırıb. Müsahibədə Eldar Namazov maraqlı və indiyə qədər heç vaxt açıqlamadığı məsələlərdən danışıb. Müsahibənin davamını təqdim edirik.

(əvvəli ötən sayımızda)

- Azərbaycan hakimiyyətinin daxilində son vaxtlar cərəyan edən proseslərə keçid etmək istəyirik. Mart ayında ən səs-küylü hadisə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun vəzifədən kənarlaşdırılması oldu. Mediada Elnur Aslanovun işdən çıxarılmasının səbəbi kimi onun Fətullah Gülənin Hizmət Hərəkatının Azərbaycan uzantısının əsas fiquru olması göstərildi. Qeyd olunur ki, iqtidar nurçuların hakimiyyət qollarında kök atmasından narahatlıq keçirdiyi üçün təmizləmə qərarı verib. Siz xeyli müddət Prezident Administrasiyasında mühüm vəzifədə çalışmısınız. Azərbaycan hakimiyyətində nurçular məsələsi yenidir, yoxsa sizin işlədiyiniz dövrdə də var idi? Hizmət Hərəkatı Azərbaycanda doğrudanmı hakimiyyəti narahat edəcək səviyyədə kök atıb, güclənib? 

- Azərbaycana nurçuların gəlişi, nüfuz etməsi prosesi son illərdə başlamayıb. Bu prosesin başlanması Türkiyədə Ərdoğan hakimiyyəti iş başına gəlməmişdən öncələrə gedib çıxır. Ərdoğan hakimiyyətindən öncə Türkiyədə dövlət orqanları tərəfindən nurçulara münasibət daha kəskin olduğu dövrdə onların Azərbaycana pənah gətirməsi, müxtəlif adlarla Azərbaycanda yerləşib fəaliyyətə başlamasını mən daha güclü proses adlandıra bilərəm. Ərdoğan iqtidarı iş başına gəlməzdən öncə nurçuların bir çox şəbəkələri xaricdə, o cümlədən Azərbaycanda qurulurdu. Bir çoxları qeyd edir ki, daha çox təhsil sistemi vasitəsilə qurulurdu. Mən isə deyirəm ki, bu, təkcə təhsil sistemi ilə bağlı deyildi. Azərbaycan müstəqillik əldə edən gündən bəri məhz qardaş Türkiyə bizə dayaq idi.

Azərbaycana diplomatiya, iqtisadiyyat, hərbi, siyasi sahələrdə Türkiyə mütəxəssisləri yaxından köməklik edirdilər, bura gəlib öz yardımlarını göstərirdilər. Həmin mütəxəssislərin sıralarında nurçular da az deyildilər. Bax, o zamanlardan onlar Azərbaycanda da şəbəkələrini qurmağa başladılar. O dövrdə informasiyalar indiki kimi çox geniş deyildi, sadəcə olaraq, müxtəlif xəbərdarlıqlar gəlirdi. O cümlədən Türkiyə tərəfindən xəbərdarlıqlar-məlumatlandırmalar gəlirdi. Ancaq bir çox hallarda Türkiyə hökumətinin özü də bilmirdi ki, göndərdikləri mütəxəssislərin içərisində nurçular var. Türkiyə orqanları bir müddətdən sonra öyrənirdilər ki, kimlərsə həmin hərəkata yaxındırlar. Çünki bu o qədər qapalı proses idi ki, heç Türkiyə dövləti özü də çox vaxt ayıra bilmirdi ki, bu diplomat, iş adamı, hərbçi, təhsil işçisi Hizmət Hərəkatına yaxındır, yoxsa yaxın deyil. Qapalı proses olduğu üçün nurçuların Azərbaycan hakimiyyətində hansı həddə yerləşməsini dəqiq söyləmək mümkün deyil.

Lakin təbii ki, Azərbaycanın daxilində pozucu fəaliyyətdən söhbət getmirdi. Belə bir pozucu fəaliyyət olsaydı buna dərhal reaksiya olardı. İndiki mərhələdə kiməsə damğa vurmaq, kimisə ləkələmək yanaşmasını düzgün saymıram. Sadəcə olaraq, dövlət siyasəti, dövlətin kadr siyasəti var. Dövlət qurumlarında çalışan vətəndaşlar ölkədə mövcud olan siyasi qurumların üzvü ola bilərlər. Kimin ölkənin gələcəyi ilə bağlı hansı yanaşması, hansı platforması var bu, rəsmən siyasi fəaliyyətlə bağlı olmalıdır və açıq bəyan olunmalıdır. Cəmiyyət də seçkilər yolu ilə müxtəlif platformalar arasında seçim etməlidir.

 

- Azərbaycan müxalifətində də «Hizmət» hərəkatının nümayəndələri varmı?

- «Hizmət» hərəkatı təmsilçiləri bütün sahələrdə var. Ancaq müxalifət düşərgəsi Azərbaycanda on illərdir formalaşan bir düşərgədir. Orada hamının tərcümeyi-halı da, dünyagörüşləri, baxışları da bəllidir. Ona görə də mən bu düşərgədə hansısa bir güclü-demirəm ki, ümumiyyətlə yoxdur- şəbəkənin olduğunu görməmişəm, hiss etməmişəm.

 

- Bəzi siyasi ekspertlər isə iddia edir ki, əslində iqtidar daxilində müəyyən qrupların nüfuz savaşı gedir. Həmin qruplar bir-birini sıradan çıxarmaq üçün nurçu məsələsindən mümkün qədər yararlanmağa çalışırlar. Bu barədə deyilənlərin əsası varmı?

- Bu versiyada da həqiqət payı yox deyil. Mən onu da deyim ki, müxtəlif mərhələlərdə müxtəlif dövlət orqanlarında çalışan məmurların adları hallanırdı. Mən heç də istisna etmirəm ki, hətta nurçu şəbəkəsinə yaxın olmaq uğrunda bir nüfuz savaşı da vaxtilə gedib. Hakimiyyət daxilində indi gedən çəkişmələrdə qrup maraqları məsələsi də öz rolunu oynayır.

 

- Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda «Hizmət» hərəkatının uzantılarının olduğu barədə açıqlamasından sonra adı nurçu olaraq hallanan şəxslərə qarşı addımların atılması rəsmi Bakının qardaş dövlətin baş nazirinin istəyinə uyğun hərəkətə keçdiyi barədə rəylər yaratdı. Belə rəylərin əsası varmı?

- Əlbəttə, Ərdoğanın bəyanatının və istəyinin də öz təsiri var. Hiss olunur ki, Ərdoğan hökuməti indi özü üçün ən böyük təhlükəni məhz «Hizmət» hərəkatından görür. Ona görə də Türkiyəyə ən yaxın dövlət olan Azərbaycanda Hizmət hərəkatının təmsilçilərinin olmasını, artmasını istəmir. AKP iqtidarı «Hizmət» hərəkatını özünə o dərəcədə əsas təhlükə kimi görürsə, hətta kəskin münasibətdə olduğu və qondarma ittihamlarla həbsə atdığı ordu rəhbərliyini azad edib onlarla barış elan eləyir və əsas gücünü məhz «Hizmət» hərəkatına qarşı qoyur. Ancaq Azərbaycanda mən hesab etmirəm ki, «Hizmət» hərəkatı məsələsi ilə bağlı dövlət tərəfindən böyük siyasi kampaniya aparılsın.

 

- Martın 30-da Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə Azərbaycan cəmiyyətində də çox böyük maraq var. Seçkilərlə bağlı ən müxtəlif proqnozlar verilir. Siz necə hesab edirsiniz, seçkilər Türkiyənin həyatına hansı təsirləri göstərəcək?

- Rəcəb Tayyib Ərdoğanın liderliyi altında AKP hakimiyyəti Türkiyənin tarixində böyük bir hadisə oldu. Uzun illərdir təkbaşına hakimiyyətdə qalan, ardıcıl olaraq keçirilən seçkilərdə qalib gələn bir rejim formalaşmışdı. Sözsüz ki, bu parlaq qələbələrin əsasları var idi. Ona görə ki, ölkə növbədə sosial, iqtisadi sahədə Ərdoğan hakimiyyəti dövründə Türkiyə çox böyük irəliləyiş əldə etmişdi. Ancaq son zamanlarda dünya siyasətində yazılmamış bir qanun var. O da ondan ibarətdir ki, hətta uğurlu başlanğıc olsa da, uğurlu addımlar həyata keçirilsə də, uzun müddət hakimiyyətdə qalmağın çox ciddi fəsadları olur.

Ərdoğan hökumətinin uzun müddətli hakimiyyəti və son illərdə xüsusən Türkiyə dövlətinin bel sütunu olan ordu rəhbərliyinə qarşı atılan addımlar, xarici siyasətdə ənənəvi müttəfiqləri ilə kəllə-kəlləyə gedib onlarla münasibətlərə zərər vurulması kimi hərəkətlər oldu. Nəticədə də artıq Türkiyə cəmiyyətində böyük gözləntilər var ki, ölkənin siyasətində yeni bir mərhələ başlanmalıdır.

Böyük yeniliklər olmalıdır. Bələdiyyə seçkiləri də adətən böyük siyasi dəyişikliklərin birinci mərhələsi olur, onun bünövrəsini yaradır. Vaxtilə Ərdoğan bələdiyyə seçkilərində qalib gəlib İstanbul kimi böyük bir şəhərin yerli özünü idarəetmə orqanına rəhbərliyə gəlməsi onun ölkədə hakimiyyətə gəlməsi üçün böyük bir tramplin oldu. İndi də Türkiyə cəmiyyətində belə gözləntilər var. Mən hesab edirəm ki, dəyişikliklər qaçılmazdır. Bələdiyyə seçkiləri qarşıdakı parlament seçkilərində Türkiyə siyasətində böyük dəyişikliklərin olmasına zəmin yaradacaq.

 

- Seçkidə hansı partiyanın qalib gələcəyini düşünürsünüz?

- Mən güman etmirəm ki, indi hansısa bir partiyanın AKP kimi təkbaşına hakimiyyətə gəlmək şansı var. Hansısa partiyanın parlaq nəticə əldə etməsi gözlənilən deyil. Söhbət yeni koalisiyaların formalaşmasından gedə bilər. Burada da həm Cümhuriyyət Xalq Partiyasının və Milliyyətçi Hərəkat Partiyasının kifayət qədər şansları var ki, koalisiya təşkil edə bilsinlər.

 





29.03.2014    çap et  çap et