Vaxt.Az

Cəzalar qüvvəyə minir


 

Nizam-intizamı pozanlara qarşı tədbirlər görüləcək

Cəzalar qüvvəyə minir Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı inzibati tədbirlər tətbiq ediləcək. Son zamanlar məktəb-şagird münasibətləri, nizam-intizam və davranış qaydaları cəmiyyət arasında ciddi narazılığa səbəb olub.

Valideynlər də, müəllimlər də deyirlər ki, təhsil sistemindəki qaydalarda dəyişiklik olunmalı, təhsil müəssisələrində tərbiyəsizlik edən şagirdlər müəyyən vaxt ərzində məktəbdən uzaqlaşdırılmalı və xüsusi qayda əsasında cəzalandırılmalıdır.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, inzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiq ediləcək. Bu tədbirlər - müəllim baxışı, qeyri-verbal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideyn ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanması, psixoloqa yönləndirmə və üç əsas xəbərdarlıqdan ibarət olacaq.

Elnur Əliyev qeyd edib ki, məktəb şagirdlə münasibətinin düzələ bilməyəcəyindən əmin olduqdan sonra qırmızı qaydaya uyğun olaraq yerli icra hakimiyyəti orqanlarının nəzdində yetkinlik yaşına çatmayanlarla bağlı komissiyaya müraciət olunacaq, bundan sonra polis müfəttişi prosesə cəlb olunacaq. Sarı, narıncı, qırmızı qaydalar ictimai müzakirələrə açıq olacaq və yeni ildən məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək. (Xezerxeber.az)

 





19.10.2022    çap et  çap et