17 oktyabrda Gəncəni terrorla qana bulayan “Elbrus” raketi yenidən mövqelənir.
Ermənistan ərazisindən yenidən atəşə hazırlanan ballistik raket qısa zamanda müşahidəyə götürülərək məhv edilir.
Qarabağ ərazisində raket komplekslərini yerləşdirməyə qorxan düşmən, texnikalarını Ermənistan ərazisində gizlətməyə çalışır. Məhv edilən 8 uzaqmənzilli raketin 7-si məhz Ermənistan ərazisində yerləşdirilmişdi. Texnikaların dövlət sərhədinə maksimum yaxın mövqeləndirilməsi daha geniş arealda hədəflənməyə imkan verirdi. Lakin mülki şəxsləri hədəf alan bu raketlər harada yerləşdirilmələrindən asılı olmayaraq, məhv edilir.
“Harop”larla yanaşı, “Bayraktar”lar da səma xəttinin dərinliklərində öz işini görür.
Elə həmin günlərdə Müdafiə Nazirliyi bir görüntü yayır. Videonun ilk saniyələrində görünür ki, “Bayraktar” hədəfə vurmur. O, sanki son qurbanının da texnikaya minməsini gözləyir.
Bütün bu hərbi əməliyyatlara paralel şəkildə cənub cəbhəsindən daha bir şad xəbər gəlir. (Xezerxeber.az)