Türk Dünyasının böyük düşüncə adamı İsmayıl bəy Qaspıralının (1851-1914) həyatının anlamına çevirdiyi “Dildə, işdə, fikirdə birlik” fəlsəfəsi bütün əngəl və tabulara rəğmən gerçək olma yolunda ilk addım atıldı.
***
Bir ay əvvəl Bursada keçirilən “Türk Dünyası Ortaq Əlifba Çalıştayı”nda Türk Dövlətləri Təşkilatına (TDT) təqdim olunacaq tarixi qərar qəbul edilib.
Türk Dil Qurumu və TDT ilə əməkdaşlıq çərçivəsində keçirilən və Türk dövlətlərindən olan alimlərin öz ölkələrində istifadə olunan əlifba və tarixi proseslər haqqında məlumat verdikləri seminarda ortaq əlifbaya keçidin sürətləndirilməsi və tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Seminarda Türk dünyası Ortaq Əlifbası üçün TDT nəzdində “Ortaq Əlifba Komissiyası”nın yaradılması qərara alınıb.
Türk Dövlətlərinin rəsmi qurumları tərəfindən təklif olunacaq 2 nəfərdən ibarət komissiya ortaq əlifba və hazırlanacaq milli əlifbalarla bağlı TDT Ağsaqqallar Şurasına hesabat hazırlayacaq.
Komissiyanın ilk iclası Qırğızıstanda keçirəcək. Komissiya birgə əlifba araşdırmalarını incələyərək Ağsaqqallar Şurasına hesabat verəcək.
Anadolu Agentliyinə görə seminarda Atatürk Ali Mədəniyyət, Dil və Tarix Şurasının sədri Məhəmməd Həkimoğlu və Türk Dövlətləri Təşkilatının Azərbaycan Ağsaqqalı Həsən Həsənov da iştirak ediblər.
Həsən Həsənov görkəmli dövlət və siyasət xadimi, təcrübəli diplomat olmaqla bərabər həm də tanınmış tarixçi alim və araşdırmaçıdır. Bu baxımdan Həsən müəllimin bu tarixi addımların atılmasında çox faydalı işlər görəcəyinə inanmımız tamdır…
Bu sətirləri yazarkən bir türk dostum zəng vurdu.
Ona Ortaq Əlifba haqda danışdım. “Məqalə yazsan adını nə qoyardın?”, –sordu.
Mən də “Turanın ayaq səsləri” deyəcəkdim.
Amma demədim.
Göz dəyməsin deyə…