Vaxt.Az

Beslanda doğulan “ulduz”


 

... Yaxud uşaqlarına amerikalı müəllim tutan Stalin sevdalısı

Beslanda doğulan “ulduz” İsveçrənin ingilisdilli “Neue Zürcher Zeitung“ qəzeti “O, Kremlin baş təbliğatçısıdır və bununla da fəxr edir. Marqarita Simonyan kimdir?” (“She is the Kremlin’s chief propagandist – and she is proud of it. Who is Margarita Simonyan?“) adlı məqalə ilə çıxış edib.

Məqalədə deyilir ki, “Russia Today” (RT) və “Rossiya Segodnya” media mərkəzlərinin rəhbəri olan Marqarita Simonyan böyük sürətlə vəzifə pillələrində irəliləyib. Hazırda 42 yaşı olan baş təbliğatçı 25 yaşı olanda artıq “Russia Today” (RT) baş redaktoru idi. Hazırda onun rəhbərliyi altında 2 min jurnalist çalışır. RT rus dilindən başqa ingilis, ərəb, ispan, alman və fransız dillərində də proqramlar yayır.

İsveçrə nəşri bildirir ki, 2004-cü ildə Beslan hadisəsi baş verdi. O vaxt Rusiyanın hücumu nəticəsində girovlar da daxil 300 nəfər öldürüldü. Həmin hadisə barədə reportaj hazırlayan Simonyanın ulduzu az sonra parladı…

Medianı “müdafiə nazirliyi” özünü isə “əsgər” elan edən Simonyan ABŞ başda olmaqla Qərbə qarşı anti-təbliğat aparır. Buna baxmayaraq: “Simonyan üç azyaşlı övladı üçün amerikalı fərdi repetitorlar tutub. Bu, daha çox rus elitasının ikiüzlülüyünə uyğundur: Onlar Qərbə qarşı rüsvayçı çıxışlar edirlər, amma yenə də uşaqlarını daxildə və xaricdə beynəlxalq məktəblərə göndərirlər. Yaxud özlərini və yaxınlarını müalicə etmək üçün Qərb xəstəxanalarına üz tuturlar”.

Qəzet vurğulayır ki, Simonyan özünü hüquq müdafiəçisi kimi də təqdim edir. Bu səbəbdən də ona “Marqo, bizə yardım et” deyənlər çox olur…

Marqarita Simonyan Vladimir Putini Stalin kimi “vojd” adlandırır və öz “naçalnik”i sayır. İsveçrə qəzeti belə yazır.

Məqalədə o da vurğulanır ki, Marqarita Simonyan Rusiyanın nüvə silahından istifadə etməsinin vacibliyini də öz çıxışlarında dəfələrlə bəyan edib…

Ukrayna müharibəsindən sonra RT-in Qərb ölkələrində yayımlanmasına qadağa qoyulub. Hazırda Marqarita Simonyanın Qərb ölkələrinə girişi də yasaqdır...

 





21.10.2022    çap et  çap et