Yarış hadisələrlə, insidentlərlə zəngin oldu. İlk döngədə Saynsın əldən verdiyi liderliyi qaytarmaq cəhdləri boşa çıxdı. Maraqlıdır ki, orada stüardlar Rasselli niyə günahkar hesab etdilər? Sükanı sola döndərib Corcun yoluna çıxan Karlos deyildimi? Ümumiyyətlə, ilk döngədəki o basabasda günahkar axtarmaq düzgün deyildi...
Daha sonra Alonsonun qorxulu qəzası – bu dəfə Strollun səhvi aşkar idi. Ona görə də əyləcləmə zonasında trayektoriyanı dəyişmək qadağandır. Düzdür, Alonso da normadan çox qaldı Lensin arxasında, daha erkən çıxmaq olardı slip strimdən, amma yenə də günah kanadalı sürücüdə idi. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı və Alonso hələ vacib xallar uğrunda mübarizəyə də qayıda bildi.
Daha sonra isə son 4-5 ilin ən sürətli pit-stop komandasının Maksla bərbad təkər dəyişməsi - bu zaman nəinki Lyuis Hamilton, hətta Şarl Lekler də onu keçdi. Amma məhz bu hadisə yarışın bəzəyi oldu, daha doğrusu bundan sonra baş verənlər.
Maks başa düşürdü ki, Leklerin arxasında vaxt itirmək qələbənin getməsi deməkdir, ona görə də hücumu ləngitmədi. Daha sonra Lyuisin təqibi, çatması və hücumu - hər şey mükəmməl idi. Nəzəri cəhətdən daha gec qızıb optimal hala düşən ağ təkərlər “Mercedes”də daha tez effektivliyini itirdilər. Son 3 dövrədə Maks 5 saniyəlik fərq də atdı, yəni hakimlərə bel bağlamaq olmaz, hər şeyi trasda həll etdi.
Maks əslində dünən o trasda onu fitə basanları susdurdu, onun keçənilki və builki tituluna inanmayanları susdurdu. Məncə, bu gün trasda günün sürücüsü seçilməyə layiq olan sürücü də çox idi, amma Fettel seçildi – olsun. Hər halda Sebastyan bu gün yarışa da başçılıq etdi, gözəl ötmələrə də imza atdı.
Hamilton mövsümdə ən real qələbəsinə yaxın idi, heyf, bu dəfə alınmadı. Amma davam eləmək lazımdır...
“Red Bull” tarixdə 5-ci dəfə titula sahib çıxdı – 100 faiz qələbə dünən dünyasını dəyişən Diter Mateşiçə həsr olundu. Həm komanda bu qələbəyə layiq idi, həm də Diter!
Maks isə 33-cü qələbəsini bayram etdi və onun qarşısında ancaq 3 və daha çox titul alan sürücülər var. Mövsümdə qazanılan qələbələrin sayına görə Maks Verstappen iki almana – Mixael Şumaxer və Sebastyan Fettelə çatdı, qarşıda isə hələ 3 yarış var.
Maksın bu qələbəsi komandasının tarixdə 90-cı qələbəsi oldu...