Fransa-İran-Ermənistan arasında gizli Qafqaz anlaşmasını nəzərə alsaq İrəvanın demarkasiya və kommunikasiya məsələsində adekvat addımlar atacağını gözləməyə dəyməz. Deməli, hazırda Bakı və İrəvan arasında ortaq məxrəcə gəlmək üçün ən optimal variant – sülh müqaviləsidir. Sülh müqaviləsinin imzalanmasından sonra digər daha az prinsipial əhəmiyyət daşıyan məsələlərin müzakirəsinə müəyyən vaxt ayrıla bilinər. İndiki məqamda ən vacib məsələ isə, Ermənistanın Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımasıdır.
Moskva sülh müqaviləsinin imzalanmasının Brüsselin deyil, özünün ev sahibi olduğu görüşdə baş tutmasını istədiyindən çox güman ki, Putin iclasa əliboş gəlməyəcək. (Xatırladım ki, sülh müqaviləsinin Brüssel, Paris-Vaşinqton və Moskva variantları arasında fərqlər var. Vaşinqtonda Azərbaycan bir sıra korrektələr edib). Bu arada, sülh müqaviləsinin imzalanması əslində daha geniş platformada, ABŞ, Aİ, ATƏT və Rusiyanın iştirakı ilə baş tutması daha məqsədəuyğundur. Bu təqdirdə, Ermənistanın gələcəkdə mümkün cığallığı zamanı əl-qolu bağlanmış olacaq.