Sənədin mahiyyəti belədir ki, Amerika Birləşmiş Ştatları qlobal maraqları olan dünya dövləti kimi qiymətləndirilib: “Əgər hansısa bölgə xaosa sürüklənərsə və düşmən güclərin nəzarətinə keçərsə bu ABŞ-ın maraqlarına mənfi təsir edəcək”. “Düşmən güclər” dedikdə Rusiya və Çin nəzərdə tutulub. Rusiya və Çin demokratikləşə bilmədiklərinə və qonşu dövlətlərə təhlükə yaratdıqlarına görə ABŞ bu iki dövlətlə mübarizəsini davam etdirəcək. Maraqlıdır ki, sənəddə Rusiya 71 dəfə, Çin isə 55 dəfə xatırlanır. Sənəddə bir çox hallarda bu iki dövlətin ismi birgə yazılıb. Sənəddə Rusiyanın azad dünyaya ciddi təhdid yaratdığı, Çinin isə uzaq perspektivə problemlər yaradacağı vurğulanıb: “Çin iqtisadi, hərbi və texnoloji gücü hesabına dünya düzənini dəyişə biləcəyindən əsas rəqibdir”. Sənəddə Rusiyanın dayandırılması, Çinlə isə rəqabətdə məğlub edilməsin vacibliyi göstərilib.
ABŞ Rusiya və Çinlə mübarizədə Avropa İttifaqı ilə NATO-nu da yanında görmək istəyir. Ancaq bu hər zaman alınmır. Avropa ölkələrindən Çinin yatırımlarına ehtiyac olan dövlətlər var, NATO üzvləri Türkiyə və Macarıstan isə Rusiya ilə əməkdaşlıqdan imtina etmirlər.
Milli təhlükəsizlik strategiyasında ABŞ-ın Ukraynaya dəstəyinin davam edəcəyi bildirilib: “Ukrayna iqtisadiyyatının bərpasına və Avropa İttifaqı ilə inteqrasiyasına dəstək verəcəyik”. Aydındır ki, yeni strategiyaya görə ABŞ Rusiyanın Ukraynada məğlub olmasına çalışacaq.
Beləliklə, Vaşinqton Rusiya və Çinin müxtəlif bölgələrdə maraqları ilə mübarizəsini davam etdirəcək. Vaşinqtonun Cənubi Qafqazda da fəallığı artıb. Vaşinqton Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını azaltmağa çalışır. ABŞ bu məqsədlə Cənubi Qafqazın 3 dövlət – Gürcüstan, Azərbaycan və Ermənistanla əlaqələrini genişləndirməyə çalışır. Bu 3 dövlətdən Ermənistan daha çox Rusiyadan asılıdır. Vaşinqton bu vəziyyəti dəyişmək üçün Ermənistan hökuməti ilə dialoqu genişləndirib. Vaşinqtonun məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaqdır.