Qərb prosesin əvvəlində sülh sazişi və Ermənistana təhlükəsizlik zəmanəti kimi sərhəd gərginliyinin aşağı salınmasını təklif edir. Bununla belə, format nəqliyyat-kommunikasiya əlaqələrinin tezliklə açılmasını nəzərdə tutmur. Məsələ bundadır ki, 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizi üzərində nəzarəti Rusiya həyata keçirməlidir. Qeyd edək ki, Ermənistan mövcud Rusiya bazalarından (2049-cu ilə qədər) və ya Azərbaycanda, Qarabağda yerləşən sülhməramlı kontingentdən (2025-ci ilə qədər) fərqli olaraq Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində qalması müddətsizdir. Bu bənd Rusiyanın Ermənistan üzərində hakimiyyətini gücləndirdiyinə görə Qərb tərəfindən rədd edilir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, Rusiya bütün məsələlərin onun vasitəçiliyi ilə müzakirə edilməsini, sülh sazişini isə qeyri-müəyyən gələcəyə saxlanılmasını təklif edirdi. Bu müddətdə Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu ardıcıl olaraq uzadılmalıdır. Lakin, Moskvanın təklifi iştirakçı dövlətlər tərəfindən qəbul edilmir. Azərbaycan üçün bu təklifdə “status”, sülh sazişinin qeyri-müəyyən müddətə saxlanılması və sülhməramlıların qalma müddətinin uzadılması məsələləri qəbuledilməzdir. Ermənistan isə Rusiyanın iştirakı ilə nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına, öz ərazisində Rusiyaya müddətsiz səlahiyyət verməyə qarşıdır.
Son iki il ərzində Azərbaycan və Ermənistanda Rusiyaya qarşı güclü narazılıqlar formalaşıb. Bu narazılıqlar özünü fərqli səviyyələrdə göstərir. Məsələn, Azərbaycan Prezidenti 44 günlük müharibə zamanı Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşındığını bildirmişdi, sonra Rusiya hərbçilərinin Qarabağdan erməni silahlıların çıxarılması haqqında vədlərini yerinə yetirməməsini yada salmışdı. Ermənistanın Rusiyadan narazılığı KTMT-dən çıxma ilə bağlı bəyanatlar, N. Pelosinin səfəri vaxtı Rusiyadan gileylənmə, Rusiya əleyhinə mitinqlərin keçirilməsi, Kremlə yaxın deputat K.Zatulinin Ermənistana buraxılmaması kimi özünü büruzə verir.
Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Moskvanın resursları Qərb sanksiyalarının təsiri altında hissolunan dərəcədə məhdudlaşdı. Hətta Qarabağın erməni əhalisi arasında belə Rusiyanı təhlükəsizlik qarantı kimi yalnız onlara rəhbərlik edən qrup nəzərdən keçirdir. Əhali isə Azərbaycan SQ-i mövqelərini Qarabağda “dəqiqləşdirdiyi” vaxtda Xankəndidə etiraz mitinqlərinə çıxırdı.
Rusiya regionda öz mövqelərini qoruya bilər. Bunun üçün o geosiyasi reallıqla barışmalı, maksimalist mövqeyindən imtina etməlidir. Rusiya Laçın və Zəngəzurda gömrük postlarının qurulması ilə barışmalı və sülh sazişi layihəsini Praqa görüşünün konseptual çərçivəsinə uyğunlaşdırmalıdır. Bu “status” məsələsindən birmənalı imtinanı və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını nəzərdə tutur. Belə şəraitdə Rusiya 2025-ci ilə qədər regionda mövqelərini qoruya bilər.
Lakin, Rusiya praqmatik yanaşmadan imtina edib, Azərbaycan və Ermənistana qarşı informasiya müharibəsi aparır. Rusiya telekanalları Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir, Qarabağın “subyektliyindən” danışır, Paşinyanı isə “Qərbin agenti” kimi pisləyirlər. Rusiyanın informasiya həmlələrinə Azərbaycan və Ermənistan adekvat cavablar verir. Hədə qismində İran faktorundan istifadə edilsə də, Bakı Rusiya və Ermənistana münasibətdə öz mövqeyindən geri çəkilmir, İrəvan isə Aİ missiyasından imtina etmir.
Proseslərin dinamikasından belə nəticəyə gəlmək olar ki, növbəti iki ayda Rusiyanın regionda mövqeləri sıxışdırılacaq. Bu özünü daha çox Ermənistanda biruzə verəcək. Öz ərazisində, xüsusilə Qarabağda Aİ və ya digər xarici missiyaların mövcudluğuna imkan verməyən Azərbaycanda isə Rusiyanın sıxışdırılması daha kiçik miqyasda baş verəcəkdir. Bütün bu proseslər Rusiyanın konstruktiv iştirakı və ya onun roluna məhəl qoymama formasında istənilən halda baş verəcəkdir. (Milli.Az)