Vaxt.Az

Araik Paşinyanın qapısında “yatdı”


 

İrəvan Qarabağı Bakı ilə razılaşdırdımı?

Araik Paşinyanın qapısında “yatdı” “Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Azərbaycan-Ermənistan lideri arasında növbəti görüş keçiriləcək. Analoji hadisələr ötən il də yaşanırdı”. Bunu Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Rusiya Qarabağla bağlı yanaşmasını dəyişməlidir: “Ötən ilin dekabrında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin “Twitter” hesabında Azərbaycan və Ermənistan lideri arasında görüşün keçirilməsi haqqında anons olduqdan sonra Vladimir Putinin təşəbbüsü ilə Soçidə görüş keçirildi.

Bu gün də eyni hadisələr yaşanır və bu hadisələr fonunda biz görürük ki, Azərbaycan ərazisində separatçılıqla məşğul olan Araik Arutyunyan Moskvaya səfər edir və beynəlxalq axtarışa verilən həmin şəxsin tutulması məhz elə bu cür səfərlər əsnasında reallaşa bilər. Azərbaycan tərəfi bu barədə Rusiya ilə dialoqa start verməlidir, bu cür qeyri-qanuni səfərlər çərçivəsində onun həbsi də reallaşdırılmalıdır.

Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü zamanı moderator rolunda çıxış edən ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə sülh müqaviləsinin müəyyən maddələri haqqında bu gün sülh planı tirajlanır və burada Qarabağın Azərbaycanın tərkib hissəsi olması haqqında qeydlər var və bu məsələlər artıq “Qarabağ Klanı”nı narahat edir.

Bir neçə gün öncə Ermənistan parlamentində “Hayastan” fraksiyasını təmsil edən deputatın Vaşinqton planının ingilis dilində olan versiyasını nümayişkaranə cırması diqqət çəkdi. Digər tərəfdən Rusiyanın da sülhlə bağlı öz yanaşması var və Rusiya tərəfindən dəfələrlə ifadə olunan fikir ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilərin “statusu” gələcək dövrlərdə müzakirə olunacaq. Bu isə bu gün Azərbaycan üçün qəbul edilən bir yanaşma deyil.

Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, sülhməramlıların müvəqqəti nəzarətində olan proseslər, məsələlər Azərbaycanın daxili işidir, Azərbaycanın yuridiksiyasına aiddir və etnik ermənilərlə dialoqun genişləndirilməsi müxtəlif iqtisadi, sosial mexanizmlərin tətbiqi də Bakı tərəfindən reallaşdırılmalıdır.

Eyni zamanda Aİ çərçivəsində keçirilən görüşlərdə əldə olunan nəticə Şarl Mişelin bəyanatlarında əks olunur və bu bəyanatlarda Qarabağ, “Dağlıq Qarabağ”, “status”, ATƏT-in Minsk Qrupu kimi ifadələr də yer almır. Bu, Azərbaycanın maraqlarına uyğun gedişatdır və Rusiya tərəfi də sülh ilə bağlı öz planını təbii ki, Soçi görüşündə ifadə edəcək.

Bu görüşdən öncə Araik Arutyunyan öz mövcudluğunu göstərmək və burada olan məsələləri ifadə etmək üçün Moskvada qapılarda qalıb, bir müddət öncə İrəvanda da Nikol Paşinyanın yanına getmişdi. Lakin bir neçə gün sonra onu qəbul edən Paşinyan bütün vəziyyəti izah etdi.

Mənə elə gəlir ki, problemin kökündən həll olunması üçün Ermənistan büdcəsindən separatçı quruma maliyyə vəsaiti ayrılmamalıdır və bu sülh istiqamətində önəmli bir addım ola bilər. Ona görə də, maliyyə ayrılmalarının kəsilməsi ən doğru seçim variantıdır.

Rusiya tərəfi də bu proseslərdə ərazi bütövlüyünün, suverenliyin qorunması istiqamətində sülh planına maddələr daxil etməlidir. Çünki açıq-aşkar şəkildə “status” məsələsinin növbəti illərdə müzakirə olunması ilə bağlı fikir Bakının maraqlarına uyğun deyil”. (Milli.az)

 





28.10.2022    çap et  çap et