Vaxt.Az

Rusiyanın qarınağrısı ...


 

Moskva erməniləri indi nəyə görə dəstəkləyir?

Rusiyanın qarınağrısı ... Son dövrlərdə baş verən proseslər özlüyündə Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirməyə kömək edir. Bu baxımdan iki məqama diqqət çəkmək istərdim: tərəflər arasında danışıqların predmeti və beynəlxalq vasitəçilərin yanaşmaları.

Hazırda, Bakı və İrəvan 5 mövzu üzrə münaqişəli mövqelərə sahibdir:

1. dövlətlərarası münasibətlərin gələcəyi və hüquqi əsasları;

2. sərhədlərin demarkasiya və delimitasiyası;

3. Qarabağ ermənilərinin gələcəyi;

4. nəqliyyat-kommunikasiya xətlərinin (xüsusilə, Laçın dəhlizi və Zəngəzur dəhlizi) gələcəyi;

5. humanitar məsələlər (minalar, əsirlər, itkin düşmüş şəxslər və s.).

 

Topçubaşov Mərkəzinə istinadən bildirir ki, bu 5 münaqişəli mövzu üzrə tərəfləri bir araya gətirməyə çalışaraq sülh müqaviləsinə nail olmağa çalışan iki yanaşma mövcuddur:

1. Rusiya Federasiyasının təklif etdiyi sülh müqaviləsinin draft versiyası (ictimaiyyətə açıq mənbələrə əsasən!) diplomatik münasibətlərin bərpasını, sərhədlərin demarkasiya və delimitasiyasını, humanitar məsələlərin həllini özündə ehtiva edir. Görünən budur ki, Rusiya tərəfi öz hərbçilərinin yerləşəcəyi təqdirdə 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizinin də bu və ya digər formada açılmasını da dəstəkləyir. Ancaq Rusiya Dağlıq Qarabağın "subyektliyini" qorumaqda maraqlıdır və ona görə də Qarabağ ermənilərinin statusu ilə bağlı müzakirələrin gələcəyə saxlanılmasına çalışır.

2. Avropa İttifaqının vasitəçiliyi ilə formalaşdırılmış və daha sonra ABŞ tərəfindən dəstəklənmiş formatda 1, 2 və 5-ci məsələlər ilə bağlı Rusiya ilə fundamental (!) fərq mövcud deyil. Qarabağ ermənilərinin gələcəyinə gəldikdə isə Brüssel ümumiyyətlə bu məsələnin sülh müqaviləsinə daxil edilməməsinin tərəfdarıdır. Qarabağ ermənilərinin gələcəyi daha çox Azərbaycan daxilində azlıqların hüquqlarının müdafiəsi kontekstində baxılır.

Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə Qərb "dəhliz məntiqinə" razı olmadığı bəyan edir. Buna səbəb olaraq isə 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizinin reallaşacağı təqdirdə Rusiyanın regiondakı hərbi mövcudluğunun artacaq olması qeyd edilir.

Ümumiləşdirsək, Brüssel formatının Qarabağ erməniləri ilə bağlı daha çox Bakının, Zəngəzur dəhlizi ilə bağlı isə İrəvanın tezislərini dəstəklədiyini görürük. Moskva formatında isə Zəngəzur dəhlizi məsələsində Bakının mövqeyi daha çox dəstəklənsə də, Qarabağ erməniləri ilə bağlı Bakının mövqeyi Moskva tərəfindən qəbul edilmir.

 





29.10.2022    çap et  çap et