Vaxt.Az

Avropada qaraçı sammiti


 

Avropa İttifaqında keçirilən inteqrasiya müzakirələri internetdə canlı yayınlanacaq

Avropada qaraçı sammiti Avropa İttifaqı (Aİ) siyasi xadimləri və liderləri aprelin 4-də Avropadakı qaraçıların inteqrasiyası məsələsini müzakirə etmək üçün Brüsseldə toplanacaqlar. Bu, 2011-ci ildə Komissiya qaraçıların milli inteqrasiyası strategiyalarının əsasını qoyandan bəri keçirilən ilk Aİ-Qaraçı Sammiti olacaq. Bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat verir.

 

Məqsəd üzv ölkələr tərəfindən təyin edilən milli qaraçı strategiyalarının necə həyata keçirildiyini və bunun yerlərdəki qaraçı icmalarının həyatının inkişafına təkan verib-vermədiyini müəyyənləşdirməkdir.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu, Rumıniya prezidenti Trayan Besesku (Traian Băsescu), Bolqarıstan baş nazirinin müavini Zinaida Zlatanova (Zinaida Zlatanova), eləcə də Aİ-yə üzv olan 9 digər ölkədən nazirlər və dövlət katibləri sammitdə çıxış edəcəklər. Açıq Cəmiyyət Qurumlarının (OSF) sədri Corc Soros (George Soros) və qaraçı soyqırımından xilas olan Zoni Vays (Zoni Weisz) isə sammitdə qeyri-hökumət məruzəçiləri qismində çıxış edəcəklər.

«2010-cu ildən bəri Avropa Komissiyasının siyasi xəritəsində qaraçıların inteqrasiyası məsələsi mühüm yer tutur. Cəmi 4 il əvvəl baş tutan Kordova Qaraçı Sammitinə nəzər saldıqda aydın olur ki, qaraçıların inteqrasiyası məsələsi əksər ölkələrin diqqət mərkəzində deyildi. Müxtəlif üzv dövlətlərdən siyasətçilərin qatılacağı Brüssel Qaraçı Sammiti dəyişikliklərə gətirib çıxara bilər. Bu, ümidverici haldır», - Aİ-nin ədliyyə məsələləri üzrə komissarı, vitse-prezident Vivian Redinq (Viviane Reding) bildirib.

«Qaraçıların inteqrasiya strategiyaları üçün Aİ-nin gördüyü tədbirlər tərəqqi əldə etmək yolunda yerli hökumətlərin yüksək səviyyədə öhdəliklər qazanmasında diqqətəlayiq rol oynayır. Qaraçıların inteqrasiya istiqamətində ən effektiv yollarla bağlı səmərəli müzakirələrin və dəyişikliklərin baş tutmasını gözləyirəm. İnanıram ki, Avropanın ən böyük milli azlığına qarşı dəyişikliklərə birlikdə yol aça bilərik», - Redinq əlavə edib.

«Üzv dövlətlər Avropanın qaraçı icmalarının təhsil, məşğulluq, səhiyyə və mənzillə təmin edilmə kimi sahələrdə vəziyyətinin yaxşılaşdırılmasına çalışmalıdırlar», - Məşğulluq, sosial və inteqrasiya məsələləri üzrə Avropa komissarı Laslo Andor (László Andor) bildirib. «Komissiya üzv ölkələrin addımlarını yaxından izləməyə davam edəcək və bu məqsədə nail olmaq üçün növbəti yeddi il ərzində Aİ-nin büdcəsindən ən yaxşı şəkildə istifadəni təmin etmək üçün onlarla çalışacaq. Bu sammit qaraçı icmaları ilə bağlı böyük dəyişikliklərə təkan verə biləcək məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Xüsusilə də lazımi maliyyənin yerli səviyyəyə çatdığından əmin olmaq baxımından gərəklidir», - o deyib.

Aİ səviyyəsində III Qaraçı Sammiti Avropa Komissiyasının qaraçıların milli inteqrasiyası strategiyalarının həyata keçirilməsi istiqamətində 2014-cü ilin qiymətləndirməsi ilə üst-üstə düşür. Bu, 2011-ci ildən bəri üzv ölkələrdə inkişaf istiqamətində atılan ən önəmli addımlardandır.

28 üzv dövlətdə qaraçıların təhsil, məşğulluq, səhiyyə və mənzillə təmin olunması kimi əsas məsələlərdəki vəziyyəti qiymətləndiriləcək. Həmçinin diskriminasiya halları ilə mübarizə, maliyyə xərcləri nəzərdən keçiriləcək və tövsiyələr təqdim ediləcək. Nəticələr iqtisadi siyasət koordinasiyası üçün illik Avropa Semestr prosesinə də töhfə verəcək.

Bu proses Aİ-də qaraçılarla bağlı müvafiq bir ölkəyə tövsiyələrin verilməsilə nəticələnə bilər. Bu illik dövr inteqrasiyanın Avropa gündəliyində möhkəmliyini və davamlılığını təmin edir.

Aİ-Qaraçı Sammiti 2014-cü il, aprelin 4-də Brüsseldə baş tutacaq. Tədbirə Aİ institutlarından, hökumət və parlamentlərdən, beynəlxalq təşkilatlardan, vətəndaş cəmiyyətindən (o cümlədən qaraçı təşkilatlarından), yerli və regional qurumlardan 500-ə yaxın nümayəndə qatılacaq. Onlar bu günədək əldə edilən nailiyyətlər və gələcəkdə atıla biləcək addımlar barədə fikir mübadiləsi aparacaqlar.

Bu ilk keçiriləcək sammitdə qaraçı cəmiyyətinin inteqrasiyasının inkişafı istiqamətində üç məsələnin həllinə diqqət yetiriləcək. Bura tədbirlərin yerli səviyyədə bütün qaraçılara aid olması, inteqrasiyaya dəstək vermək məqsədilə Aİ büdcəsinin yerli və regional qurumlara çatdırılması və bu prosesi onların yayılmaqda olduğu ölkələrdə yerli reallığa çevirmək kimi məsələlər daxildir. Üzv və namizəd dövlətlərdən olan bir sıra merlər də sammitdə iştirak edəcəklər.

Qeyd edək ki, tədbir onlayn olaraq canlı yayımlanacaq.

 





30.03.2014    çap et  çap et