Vaxt.Az

Azərbaycanın səbri sonsuz deyil


 

İrəvan 355 milyona görə müharibə istəyir?

Azərbaycanın səbri sonsuz deyil “Qarabağa dəstək 2023-cü ildə də dəyişməyəcək. Dövlət büdcəsindən 355 milyon dollar ayrılıb”. Bunu Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan deyib.

“Qarabağlı ermənilər bu vəsaitdən infrastrukturun bərpası və mənzil tikintisi ilə yanaşı, başqa məqsədlər üçün də istifadə edə bilərlər”, – T.Xaçatryan söyləyib.

Onun sözlərinə görə, Ermənistanın Maliyyə Nazirliyi Xankəndi ilə “sürəkli, fasiləsiz əlaqədədir və zərurət yaranarsa, büdcədən ayrılmış maliyyə dəstəyinin həcmini artıra bilər”.

Tiqran Xaçatryanın açıqlaması bilavasitə olaraq, birmənalı şəkildə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına təhdiddir.

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin bu ilin sonunadək imzalanacağını nəzərə alsaq, rəsmi İrəvanın 2023-cü ildə də Azərbaycandakı erməniləri, yəni Qarabağda yaşayan erməniləri maliyyələşdirmək niyyəti faktiki olaraq müharibə elanı sayıla bilər.

Dövlətlərarası münasibətlər məcmusunun və beynəlxalq hüququn çox kobud pozuntusu olan bu qərar bir dövlətin başqa dövlət ərazisindəki separatizmə üz tutmuş müəyyən vətəndaş qrupunu maliyyələşdirməsi deməkdir.

İrəvanın ayırdığı vəsaitin total şəkildə inşaata, yol tikintisinə və ya kommunal xərclərə sərf olunmasını düşünmək sadəlövhlükdür.

Çünki sözügedən məbləğin, yəni 355 milyon əhəmiyyətli qisminin Qarabağdakı ermənilərə silah, sursat göndərilməsi üçün nəzərdə tutulması şübhə doğurmur.

Belədə, İrəvanla Xankəndi arasında hazırda humanitar dəhliz olan Laçın yolunun qapadılması gündəmə gələ bilər.

Həmin nəqliyyat dəhlizində indi fəaliyyətdə olan Rusiya sülhməramlı kontingentin səlahiyyətlərini necə icra etməsi bəllidir.

İkinci Qarabağ Müharibəsi başa çatandan bəri Laçın dəhlizi ilə Ermənistandan Xankəndinə hərbçilər, silah, sursat, xüsusilə də piyada və tank əleyhinə minalar daşınıb.

İşğaldan azad olunmuş ərazilərimizdə 2021-ci ildə istehsal olunmuş minaların tapılması, belə minaların xüsusilə də Laçın və Kəlbəcər rayonlarında çoxluq təşkil edilməsi də İrəvanın qarabağlı erməniləri sürəkli silahlandırmasına dəlalət edir.

Azərbaycanın səbri sonsuz deyil və İrəvan çox gec olsa da, bunu bilməlidir.

 





31.10.2022    çap et  çap et