Beləliklə, Azərbaycan ordusu 1991-ci ilin may-sentyabr ayındakı inzibati sərhədlərinin üzərində durur.
Bundan o yana isə Azərbaycanın tarixi torpaqları olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi başlanır. Yəni SSRİ-də 1988-ci ildə etnik zəmində baş qaldıran separatçı hərəkatın mərkəzi yeri...
Bura isə beynəlxalq güclərin “erməni kartı”nı oynatdıqları “masadır”.
1991-ci ilin sentyabrından, o zamankı Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Azərbaycan Təşkilat Komitəsinin Xankəndindəki ofisi bağlanandan sonra bura Bakının ayağı dəymədiyi bir məkan olub.
Bu gün isə Bakı Xankəndinin bir addımlığındadır. Şuşada olan şəxslər necə bir strateji yerə sahib olduğumuzu dərhal anlayır.
Strateji əhəmiyyətli ərazi baxımından Bakı vacib missiyanı yerinə yetirib: Şuşadan, Ağdamdan, Kəlbəcərdən, Laçından Azərbaycan ordusu separatçı bölgəni üzük kimi əhatəyə alıb.
Putin Valdayda Laçın və Kəlbəcərin adını elə-belə çəkmədi.
2020-ci ildən sonra Xankəndi uğrunda “diplomatik müharibə”nin başlanacağını o vaxt yazmışdım.
İndi sülh sazişinin imzalanması ərəfəsində yaranan vəziyyəti qiymətləndirərkən nəyi nəzərə almaq lazımdır?
– Beləliklə, Xankəndi güruhu “etnik kart”ı bayraq edərək Avropanın çox həssas yanaşdığı bu prioriteti önə çəkir, “müqəddəratı təyin etmə” xülyasına kökləyir. Düşmən ümid edir ki, Bakının hərbi müdaxiləsinə qarşı bu kartı çıxara bilər.
– Xankəndi güruhu Paşinyanı şantaj edərək Ermənistanın Qarabağ üzərində cavabdehliyini saxlamağa çalışır.
-Fransa Qarabağ üzərindən Rusiya ilə əl-ələ verərək İrəvan üçün sərfəli status qoparmağa çalışır.
-Moskva sülhməramlıların vaxtını qeyri-müəyyən müddətə uzatmağa nail olmağa, rus icması tezisi ilə özünəməxsus “anklav” yaratmağa və bununla da Zəngəzurdan Xankəndnə qədər bir qövsü tutmağa çalışır.
- ABŞ isə Qarabağ üzərində Bakının suverenliyini tanımaqla Qarabağda yeni konfiqurasiya qurmağa çalışır.
Bakı bu vəziyyəti aydın görür. İndi Azərbaycan üçün 1991-ci ildən və məğlubiyyət yaşayan 90-lardan tamam fərqli bir situasiya var.
Bakı müharibədə qalibdir, geostraterji müttəfiqləri var və masada “eşidilən səs”dir.
Digər məqam Türkiyədir. 100 ildən sonra Cənubi Qafqaza gələn Türkiyə yeni qüdrətli oyunçu olaraq Bakı ilə müttəfiqdir. Bu isə bölgədə vəziyyəti kökündən dəyişdirən güclü amildir.
Odur ki, Xankəndinin psevdogüc nümayişi reallıdan uzaqdır. Xankəndində idarə olunan “kuklalar” isə geosiyasi mübarizənin bir pərdəsidir.
Pərdə arxasında qalan bu oyunçular Bakının mövqeyini yaxşı bilirlər. Bu, “gorbagor olan status” və tarixə çevrilmiş “Dağlıq Qarabağdır.
Bu oyunda kartlar Bakının əlindədir. Onun tələbələri və şərtləri olmadan bu masa qurulmaz.