İrandakı bəzi anti-Azərbaycan dairələri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyanı təmin edəcək Zəngəzur Dəhlizinin işə salınmasını ölkələrinin milli təhlükəsizliyinə təhdid olaraq görür. Hətta onlar Zəngəzur Dəhlizinin regiondakı sərhədləri dəyişdirə biləcəyini və rəsmi Tehranın buna dözməyəcəyini bildirirlər.
Sual olunur: İran milli təhlükəsizlik deyərkən nəyi nəzərdə tutur? Bu “dözümsülüyün” səbəbi nədir?
İranın həm hərbi, həm diplomatik, eləcə də informasiya cəbhəsində Azərbaycana qarşı tarixi sərhədlərin pozulması adı altında davam etdirdiyi fəaliyyətin ən mühüm səbəblərindən biri rəsmi dairələrin qlobal narkotik ticarətində tutduğu mövqedir. İran qlobal narkotik ixracı və daşınmasından hər il milyardlarla dollar gəlir əldə etməkdədir. Bu məsələ hər hansı ölkə və ya çevrələr tərəfindən ortaya atılan qərəzli iddia deyil. Bunlar müxtəlif vaxtlarda sübuta yetirilmiş real faktlardır.
Bunların prizmasına İranın rəsmi və qeyri-rəsmi nümayəndələri tərəfindən guya Azərbaycan torpaqlarında sionist və təkfirçilərin yerləşdirilməsi ilə bağlı yayılan saxta məlumatlar, sadə vətəndaşlarda fikir qarışıqlığı formalaşdırılmasına yönəlmiş cəhdlər, İran siyasi və hərbi elitası tərəfindən hərbi təlimlərin həyata keçirilməsi, Ermənistana edilməsi planlaşdırılan (və ya ən azı arzu edilən) dəstəklər qeyd edilən “dözümsüzlüyün” təzahürləri və legitimlik donu geyindirilməyə cəhdlər olaraq dəyərləndirilə bilər.
Tarixə nəzər salaq. 1979-cu ildə İranda baş verən İslam inqilabı nəticəsində hakimiyyətə gələn (və ya gətirilmiş) dini təmayüllü yeni liderlər, qurulması planlaşdırılan islam sisteminin təhlükəsizliyini təmin etmək, eləcə də silahlı qüvvələrə nəzarət məqsədi ilə “sepahe-pasdaran” və ya digəri adı ilə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) yaratdı.
Uzun müddət ərzində İran tərəfindən qonşu ölkələrə, eləcə də regionlara baş tutmuş inqilab modelinin ixracı əsas prioritet hesab edilirdi və bu missiya birbaşa SEPAH tərəfindən yürüdülürdü. Hazırda da qruplaşma tərəfindən İraq, Suriya, Livan, Yəmən, Əfqanıstan və digər ölkələrdə çox məqsədli geniş fəaliyyətlər davam etdirilir.
Aparılan fəaliyyətin davamlılığını təmin etmək üçün böyük həcmli maliyyə vəsaitlərinə ehtiyac var idi ki, bu da təşkilatın ölkə daxilində strateji iqtisadi dayaqlarının yaranmasına gətirib çıxardı. Lakin burada qeyd edilməsi vacib məqam budur ki, SEPAH narkotik vasitələrin qanunsuz dövriyyəsi, ixracı və daşınmasından hər il milyardlarda ABŞ dolları məbləğində qazanc əldə edir və bu “çirkli pullar” qruplaşmanın əsas gəlir mənbələrindən biridir. Qeyd edək ki, İranda islam inqilabından sonra ali lider tərəfindən “müqəddəs vəzifə” ilə taclandırılmış SEPAH qüvvələri ölkə daxilində fəaliyyət sahəsini genişləndirərək ölkənin su, hava və quru sərhədlərini nəzarət altında saxlamaqdadır. Təsadüfi deyil ki, Zəngəzur Dəhlizinin açılmasını “milli təhlükəsizliyə təhdid” olaraq görən və buna görə də Azərbaycanla dövlət sərhədində hərbi təlimləri həyata keçirən məhz SEPAH-dır.
2012-ci ildə ABŞ Maliyyə Nazirliyi İran vasitəsi ilə əfqan heroininin qaçaqmalçılığına SEPAH-ın generalı tərəfindən nəzarət edildiyini açıqlayıb. Məlumata əsasən, İranın cənub-şərqində Əfqanıstanla sərhədin yaxınlığında yerləşən Zahidan şəhərindəki SEPAH Qüds Qüvvələrinin o dövrkü rəhbəri General Qulamrıza Bağbaninin əfqan narkotacirlərinə ölkə ərazisindən keçməklə 3-cü ölkələrə heroin keçirilməsinə, eləcə də İrana tiryək daşınmasına kömək etdiyi bildirilir.
Təsdiqlənən faktlar beynəlxalq təşkilatlar tərəfindən də dəfələrlə gündəmə gətirilib. Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosunun (United Nations Office on Drugs and Crime) məlumatlarına əsasən, aşağıdakı şəkildə, İran ərazisinə daxil olan və buradan müxtəlif istiqamətlərlə Avropaya ixrac edilən narkotik marşrutları göstərilir. Burada İranın şimal sərhədlərində qeyri-qanuni narkotik daşınmasının məhz Ermənistan və vaxtilə işğal altında olan Qarabağ əraziləri üzərindən aparıldığı bir daha təsdiqlənir.
Məsələ ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən də 15 oktyabr 2021-ci il tarixində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının keçirilən iclasında münasibət bildirilib. Azərbaycan Prezidenti çıxışı zamanı Azərbaycanın İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunun mövcud olduğunu bildirib.
Son günlərdə İranın ali liderinə bağlı SEPAH tərəfindən Azərbaycanla sərhəddə, məxsusi olaraq Azərbaycanlıların tarixində əhəmiyyətli yer tutmuş Araz çayı sahilində göstərilən “güc nümayişi” paralel olaraq İranın yerli mediasında da davam etdirilməkdədir. Hazırda ölkə daxilində ciddi etiraz aksiyaları ilə üzləşən rejim üçün vətəndaşların fikrini ölkədaxili sosial və siyasi mövzulardan yayındırmaq və “düşməni” ölkə sərhədlərindən kənarda axtarmaq həyati əhəmiyyət daşıyır.
Beləliklə, II Qarabağ müharibəsinin nəticələri İranda hakim rejimin təhlükəsizliyini qoruyan və onun xarici ölkələrdəki fəaliyyətini təmin edən SEPAH-ı əsas gəlir mənbəyindən məhrum edib. Azərbaycanın dövlət sərhədlərinə nəzarəti bərpa etməsi uzun müddət ərzində aparılmış çirkli əməkdaşlığı bütünlüklə Ermənistanla İran arasındakı 41 km-lik dövlət sərhədinə doğru sıxışdırıb. Lakin Zəngəzur Dəhlizinin açılması ilə Ermənistanla İran arasında qanunsuz narkotik dövriyyəsinin ortaya çıxacağından qorxan rejim, bu məsələni özünün “qırmızı xətti” elan edib.
Görünür, məhz narkotik ticarətindən əldə edilən gəlirin həcminin azalması İranın milli təhlükəsizliyə təhdid kimi dəyərləndirilir. (APA)