Vaxt.Az

Xarici düşmən obrazı ...


 

İran daxildəki etirazları yatırtmaq üçün müharibəyə başlaya bilər

Xarici düşmən obrazı ... 1979-cu ildə İranda “teokratik rejim” qurulandan sonra vətəndaşların böyük bir qismi yeni qaydalarla barışmadılar, hadisələrdən həmən sonra “İslam inqilabına” qarşı etirazlar başlamışdı, bir çox bölgələrdə Şah tərəfdarları, həm də “sol” siyasi qruplar yeni rejimin diktə etmək istədiyi sistemi qəbul etmək istəmirdilər.

1979-cu il “fevral inqilabından” sonra teokratik rejim həmən yaranmadı, hətta Şah əleyhinə aksiyaların əsas təşkilatçıları “solçular” – kommunistlər idi, inqilabdan sonra ölkədə bir müddət rejim və sistemlə bağlı müzakirələr gedirdi, teokratik rejim hələ qurulmamışdı, repressiyalar yox idi, amma dini çevrələr ən mütəşəkkil olduqları üçün daha tez təşkilatlandılar, 1980-ci ilin əvvəlində İranda böyük repressiyalar, həbslər, qətllər, teokratik rejimin qaydaları zorla tətbiq edilməyə başlandı. Amma paralel olaraq narazılıq və etirazlar da artırdı, İranın yeni rejiminə daxili etirazları yatırmaq üçün mütləq müharibə lazım idi və elə də oldu – 1980-ci ilin 26 avqust tarixində ilk atəş açıldı, 22 sentyabr tarixində isə İraqla müharibə başlandı, formal olaraq ilk atəşi İraq açsa, ilk hərbi müdaxiləni Səddam başlasa da, buna qədər İran tərəfdən elə provokasiyalar oldu ki, müharibə qaçılmaz hala gəldi.

8 il davam edən müharibədə hər iki ölkədən 1,5 milyon nəfər həlak oldu, müsəlman öz dindaşını qırdı, şəhərlər, kəndlər xaraba qaldı və hərbi anlamda nəticəsiz bitdi – amma, məhz 8 illik müharibə İranda etirazları söndü, müharibə dövründə İranda teokratik rejim möhkəmləndi və tam hakimiyyəti əla aldı – yəni, müharibə, xarici düşmən obrazı daxili problemləri və etirazları sıfıra endirdi.

Bu gün təhlükəli olan odur ki, İran bu təcrübəni yaxşı mənimsədiyindən daxildə həftələrlə davam edən, bütün ölkəni əhatə edən etirazları yatırmaq üçün yenə də xarici düşmən obrazı qabardaraq kiçik, lokal müharibələrdə maraqlı ola bilər. Amma rəsmi Tehran anlamalıdır ki, bu gün öz ölkələrində baş verənlər nəsil dəyişiminin gətirdiyi fundamental problemlərdir, bu məsələləri tək lokal müharibələrlə, xarici ölkələrlə münasibətləri gərginləşdirməklə, etrazları qəsdən sırf “etnik separatizm” müstəvisinə çəkməklə həll edə bilməyəcək. Bu gün dövr də, beynəlxalq vəziyyət də, ən əsası isə ölkənin demoqrafik “xəritəsi” fərqlidir – İran əhalisinin 75 faizə yaxını 0 yaşla 65 yaş arasıdır, 0 yaşla 15 yaş arası uşaqlar əhalilinin 25,1 faizini təşkil edir (dünya üzrə ən yaxşı göstəricilərdən biridir), bu başqa nəsildir, başqa istəkləri və gözləntiləri var, İranda sistem dəyişikliklərinin qaçılmaz olmasının əsas səbəbi məhz nəsil dəyişimidir, teokratik sistem son 40 ildə gəncliklə dil tapa, onlara öz davranış qaydalarını öyrədə bilmədi – bu isə müharibələrlə, xarici düşmənlə həll olunası problem deyil...

 





03.11.2022    çap et  çap et